21 İyul 2020 01:21
1 618
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Osman müəllim, cəbhədə vəziyyət gərginləşəndən Azərbaycanda sosial şəbəkə istifadəçilərinin təhlükəsizliklə bağlı problemləri kütləvi şəkildə artıb. Şəbəkə istifadəçiləri mütəmadi olaraq səhifələrinin ermənilər tərəfdən şikayət olunması barədə statuslar paylaşır, rəy bölümünə nöqtə, vergül yazmağı xahiş edirlər. İnformasiya müharibəsi fonunda bu fikirlərin əsası varmı?

- Feysbukun qaydalarına görə, istənilən adam şikayət edə bilir. Feysbuk alqoritmində bir neçə şərtlər daxilində şikayət mümkündür. Orada nəzərdə tutulan başqa imkanlar da var. Məsələn, müəllif hüquqları pozulanda, dini-irqi ayrı-seçkiliyə yol veriləndə, sosial ədavət qızışdırılanda, zorakılıq təbliğ olunanda, terrorçuluqla bağlı nəsə paylaşılanda və sair. Yəni Feysbukun qaydalarında bunlar öz əksini tapıb. Orada xüsusən milli ayrı-seçkiliklə bağlı müddəalar var.

Belə çıxmasın ki, Feysbukda xüsusi adamlar oturub, gələn şikayətləri qəbul edir və həyata keçirir. Orada süni intellekt tətbiq olunub, belə demək mümkündürsə, robotlar işləyir. Sosial şəbəkənin qabaqcadan bəlli olan avtomatlaşdırılmış informasiya sistemi hazırlanıb. Müxtəlif mənbələrdə şikayətin məğzi yoxlanılır. Əgər qaydalar pozulmuş olursa, onda obyektə müvəqqəti blok qoyulur. Yəni, bu, süni intellektin və robotların köməyi ilə Feysbukun alqoritmlərinə uyğun aparılan bir əməliyyatdır.

Nöqtə, vergül məsələsinə gəlincə, deyə bilərəm ki, Feysbukun qaydalarında buna rast gəlməmişəm. Kiminsə paylaşımının çoxlu adamlara göstərilməməsi hansısa məhdudlaşdırıcı addımların nəticəsi deyil. Ona görə də nöqtə, vergül məsələsini bir qədər qeyri-ciddi qarşılayıram.

- Problemlə qarşılaşan şəbəkə istifadəçilərinə nə tövsiyə edirsiz?

- Azərbaycanda qeyri-dövlət sektorunda təhlükəsizliyə cavabdeh dövlət qurumu var. Media, vətəndaş cəmiyyəti, biznes və digər sektorlar ilk öncə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət etməlidir. Belə bir dövlət qurumu olduğu halda, bizim sosial media istifadəçilərinin elementar problemlərlə bağlı mütəmadi iddialar qaldırması qeyri-ciddi səslənir. Hesab edirəm ki, bu dövlət qurumu məsələyə aydınlıq gətirməlidir.

- Azərbaycanda informasiya təhlükəsizliyi, məlumatların qorunması işinin təşkili necədir?

- Azərbaycanda son dövrlərdə dövlət və qeyri-dövlət sektorunda informasiya təhlükəsizliyinin qorunması ilə bağlı bir sıra addımlar atılıb. Görünən odur ki, hazırda xüsusən dövlət sektorunda daha ciddi addımlar atılıb. Əvvəllər rəsmi saytlar, informasiya bazaları dağıdılırdı. Son dövrlər bunlar bir qədər səngiyib. Bu onu deməyə əsas verir ki, dövlət sektorunda təhlükəsizliyin qoruması istiqamətində irəliləyiş var.

Amma qeyri- dövlət sektorunda, yəni vətəndaşların, xəbər saytlarının, biznes qurumlarının təhlükəsizliyi məsələlərində problemlər daha çox nəzərə çarpır. Vətəndaşların sosial şəbəkələrdə şikayət olunması, xəbər saytlarının haker hücumları nəticəsində serverinin dağıdılması kimi məsələlərin hamısı problem deməkdir. Deməli, qeyri-dövlət sektorunda görüləcək işlər daha çoxdur.

- Bu cür situasiyalarda mübarizə, plan, təşkilatlanma metodu necə olmalıdır?

- Hesab edirəm ki, ilk öncə vətəndaş, xəbər resursunun sahibi, qeyri-dövlət sektorunun nümayəndəsi özü öz təhlükəsizliyinin qayğısına qalmalıdır. Elementar informasiya təhlükəsizliyi qaydaları var, güvənli şifrədən və anti-virusdan istifadə olunmalıdır, gələn mesajlara, emaillərə diqqətlə yanaşılmalıdır, həmçinin arzuolunmayan linklərə daxil olub onları paylaşmaq olmaz.

Ümumiyyətlə, vətəndaşı öyrətmək, ona metodiki informasiya dəstəyini göstərmək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin borcudur.

Bu qurum eyni zamanda xəbər resursu sahiblərinə də kömək etməlidir. Xəbər resursunun sahibləri hiss etməlidir ki, maraq dairəsinə düşən sayta hücum olacaq. Buna görə, qabaqcadan təhlükəsizlik tədbirləri görməlidir. O, ixtisaslı peşəkar mütəxəssisi bu işə cəlb etməlidir. Saytın informasiya bazasını bir neçə yerdə yerləşdirməlidir, onun ehtiyat variantı (bakapp) çıxarmalıdır və sair. Bu addımlar atılmalıdır ki, saytı qoruya bilsin.

- Sizcə, saytların informasiya təhlükəsizliyinə dövlət dəstəyi ayrılmalıdırmı?

- Bəli. Milli informasiya resurslarımız var. Onlar bir yandan informasiya müharibəsi apararaq xəbər yaymaqla məşğuldurlar, digər yandan da saytı qoruyurlar. Hesab edirəm ki, saytların qorunması işinə Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) köməklik göstərə bilər.

Bu istiqamətdə müəyyən vəsaitlər ayrıla bilər, həm mütəxəssislər hazırlaya və xəbər saytlarının mütəxəssislərinə təhlükəsizliklə bağlı təlimlər keçirilə bilər. KİVDF eyni zamanda server və digər texniki xərclərin ödənilməsinə, o cümlədən müəyyən təhlükəsizlik proqramlarının alınması üçün qrandlar ayıra bilər.


Müəllif: Yeganə Oqtayqızı