Teleqraf.com-un müsahibi Vaşinqton Universitetinin sosiologiya üzrə doktorantı Ramin Cabbarlıdır.
Onunla müsahibəni təqdim edirik:
- Ramin bəy, bir neçə gün öncə Azərbaycan Ordusu Azərbaycan-İran sərhədini ermənilərdən tamamilə azad etdi. Dövlət başçısı bu münasibətlə İran xalqını da təbrik etdi. Güney Azərbaycan türkü olaraq bu, sizin üçün nə ifadə edir?
- Güneyli olaraq mənim üçün hər şeydən öncə bu, ədalətin bərpasıdır. Təəssüf ki, Ermənistan və dəstəkçilərinin işğal siyasətinə qarşı mübarizə aparmaq insanlarımızın həyatı bahasına başa gəlir. Bununla belə nə yaxşı ki, Azərbaycan ədalət kimi yüksək dəyəri öz həyatlarından üstün tutan insanların vətənidir. Bütün bu ağrıların, kədərin içində ancaq qürurlanmaq mümkündür.
Mən güneydə Araz qırağında yerləşən bir şəhərdə böyümüşəm. Uşaqlıq xatirələrimdə o topların səsinin, Arazın güneyinə keçmiş məcburi köçkünlərin ağrılı baxışlarının heç zaman unudulmayacaq izləri var. O vaxt atam dostunun kiçik avtobusu ilə sərhəddən məcburi köçkünləri mindirib evə gətirirdi. Bir neçə saat dincəlib çörək yedikdən sonra onları şimala aparırdı. Uşaq idim, nə baş verdiyini bilməsəm də, su, çörək paylayarkən gözlərdəki ağrını görmək çətin deyildi. O zamandan tez-tez gözümün önünə gələn bir səhnə var. Güneyə keçən köçkünləri aparan maşınlar, traktorlar bizim yaşadığımız küçədən keçib gedirdi. İran-İraq savaşında sağ qolunu itirən bir veteran qonşumuz var idi. Maşınlar saxlamırdı deyə aldığı sendviçləri hərəkətdə olan traktorların arxasındakı köçkünlərə vermək istəyir, atmağa çalışırdı, amma sol əllə edə bilmirdi, atırdı, yerə düşürdü. Yenidən atırdı, bəzən alınırdı. Mənim üçün ağrılı səhnə idi... Həm də sanki güneyin bu müharibədə istədiyi ilə edə bilmədikləri arasındakı fərqi simvolizə edirdi. Bütün bu illər ərzində sərhəddən görünən o uçurulmuş evlər yaşananları təkrar xatırladırdı. Torpaqların azad edilməsi indi o ağrıların yerini qürur və sevinclə əvəzləyir. Bu qürur və sevincin güneylilərin həyatında böyük ictimai-siyasi nəticələr doğuracağını da anlayırlar.
- Sentyabrın 27-dən başlayan Böyük Vətən Müharibəsinə Güneydən çox dəstək gəldi. Döyüşləri canlı izləyənlər, ağlayanlar gördük. Mitinqlər oldu. Cənublunun gözündən 27 illik işğal necə görünürdü?
- Bilirsiniz, Qarabağsız müstəqilliyin bərpası millətləşmə baxımından yarımçıq başlanğıc idi. Hər şeyə mane olacaqdı. Ölkənin siyasi inkişafından tutmuş sənət əsərlərinin məzmun olaraq qabarıq şüarlaşmasına qədər təsir göstərirdi. Ümid edirəm yaxın zamanda bu mərhələni birdəfəlik arxada qoymaq mümkün olacaq.
Güneylilər üçün Azərbaycanın müstəqilliyinin bərpası böyük bir qürur mənbəyi olsa da, torpaqlarının işğalı onların da özünə inamına və qüruruna mənfi təsir göstərirdi. Güneylilər İran-İraq müharibəsində öz torpaqları uğrunda savaşmasalar da, müharibədən məğlub dönməmişdilər. Bu məsələnin onların sosial psixologiyasında yeri var. İndi görəndə ki, Azərbaycan Ordusu modern bir ordu kimi sürətlə torpaqları azad edir, Azərbaycan torpaqlarının işğalı Azərbaycan diplomatlarının diskursunu heç bir eksklüziv millətçilik və irqçiliyə bulaşmasına səbəb olmayıb, o qürur yenidən canlanır. Qarabağın işğalının güneylilər üçün hədəflənməyən bir nəticəsi də var idi. İran-İraq müharibəsində müsəlman həmrəyliyi çağırışı əsasında canlarından keçən güneylilər İranın Qarabağ məsələsində ikili siyasətini görəndə Pəhləvi dönəmindən başlayan ayrı-seçkiliyin 1979-cu il inqilabından sonra da davam etdiyini qabarıq şəkildə anladılar. Bu da onların iranlılıq və şiəliyə güvənlərini sarsıtdı. Elə buna görə də İrandakı azərbaycanlıların ayrı-seçkiliklərə qarşı mübarizəsinin yeni dalğası və etiraz aksiyalarının başlanğıcı Qarabağ müharibəsinə təsadüf edir. Bu şəraitdə ayrı-seçkiliyə məruz qalmış Azərbaycan kimliyinin önəmi başqa kollektiv kimliklərlə müqayisədə artmağa başladı.
- Prezident İlham Əliyev Yaponiya qəzetinə müsahibəsində dedi ki, Azərbaycanı özünə tarixi vətən bilən dünya azərbaycanlıları Qarabağda savaşmaq üçün müraciət edirdilər. Güney Azərbaycan şəhərlərindən belə müraciətlər olubmu? Ümumiyyətlə, başda Təbriz olmaqla oradakı türklərin bu savaşa dəstəkləri hansı formalarda oldu?
- Təkcə indi deyil, 90-cı illərin əvvəllərində sadəcə müraciət deyil, iştirak da ediblər. Son günlər o illərdə Ərdəbil şəhərindən quzeyə gedib müharibədə iştirak etmiş bir güneyli haqqında güneyli rejissor Rza Siyami sənədli film hazırlayıb. Ermənistanın Tovuza hücumu zamanından güneylilər bir daha iştirak etməyə hazır olduqlarını bildirirlər. Bir sıra ölkələrdə səfirliklərə müraciət ediblər. Müraciət edənlərin arasında güneyli həkimlər də var.
Şəxsən mənim özümə güneyli bir çox şəxs “hara müraciət edək?” məzmunlu suallar yazıblar. Dəstəklər eyni zamanda etiraz aksiyaları formasında da olub. Ermənistanın Tovuza hücumundan indiyə qədər təxminən 200 güneyli saxlanılıb və ya həbs edilib. Güneylilər həm də Rusiyanın İran yolu ilə Ermənistana dəstəyini çəkilişlərlə sənədləşdiriblər. Son etirazları da Ermənistanla sərhədin bağlanmasını tələb etmək idi. Yazarlar, şairlər, musiqiçilər, feministlər, kinoçular də ayrı-ayrılıqda çox saylı imzalarla bəyanatlar yayıblar. Təəssüf ki, bunların bir çoxu ərəb əlifbasında yayıldığı üçün bəlkə də, quzeydə insanların xəbəri olmayıb. Güneylilər harada yaşasalar da, bütün formalarda Azərbaycanın yanında olduqlarını göstərməyə çalışırlar. Millətin bir parçası kimi borcumuzdur.