“Bu gün Türkiyənin mətbuat nümayəndələri burada - Şuşadadırlar, onların fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Onlar müharibənin ən təhlükəli anlarında real vəziyyəti əks etdirmək, tamaşaçılara və dünyaya çatdırmaq üçün öz həyatlarını risk altına atırdılar”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Şuşa Bəyannaməsinin imzalanmasından sonra Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatlarla çıxış edərkən deyib.
Dövlət başçısı deyib:
“Mən özüm şəxsən müharibə dövründə bir çox hallarda Türkiyə televiziya kanallarında gedən reportajları izləmişdim və bir daha görürdüm ki, burada təkcə peşəkarlıq məsələləri deyil, burada həmrəylik, sevgi ilə dolu reportajlar verilir.
Azərbaycanın haqq səsi, Azərbaycanın haqlı olması dünyaya çatdırılır və ən təhlükəli yerlərdən, bombalar düşdüyü yerlərdən Türkiyənin mətbuat nümayəndələri dərhal oraya gəlmişlər, reportajlar hazırlamışlar.
Onlar yaxşı bilirdilər ki, Ermənistan döyüş meydanında qarşımızda duruş gətirmədiyi üçün bizim mülki vətəndaşları uzaqmənzilli raketlərlə, “Toçka-U”, “İskəndər M” raketləri ilə atəşə tutub və bu namərd atəş nəticəsində 100-dən çox mülki şəxs, o cümlədən uşaqlar, qadınlar həlak olmuşlar.
Biz müharibə dövründə bütün türk xalqının məhəbbətini, sevgisini, həmrəyliyini bir daha gördük. Onsuz da bilirdik ki, biz bir millət, iki dövlətik, necə ki, rəhmətlik atam demişdir. Ancaq müharibə bir daha bütün dünyaya bunu göstərdi və biz heç vaxt bu dəstəyi unutmayacağıq.”