4 Mart 2022 13:52
3 152
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Ukrayna müharibəsi ilə əlaqədar Ukraynadan xeyli insan qaçqın düşərək bir sıra ölkələrə üz tutub. Bəs Azərbaycan həmin qaçqınları qəbul edə bilərmi?

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib ki, hələ ki bununla bağlı müraciət edən yoxdur:

“Qaçqınlar adətən həmsərhəd ölkələrə keçirlər. Azərbaycan Ukraynadan həmsərhəd ölkələrə keçən vətəndaşlarını təxliyə edir. Son məlumata görə, Ukraynadakı vəziyyətlə əlaqədar bu günədək quru yolla qonşu ölkələrdən Moldova Respublikasına 6 500 nəfər vətəndaşımız, Polşa Respublikasına 770 nəfər vətəndaşımız, Rumıniyaya 318 nəfər vətəndaşımız, Slovakiya Respublikasına 60 nəfər vətəndaşımız, Macarıstana 48 nəfər vətəndaşımız daxil olub.

Bu günədək Rumıniya ərazisindən həyata keçirilən 5 çarter reysi ilə 900 nəfər azərbaycanlı, xüsusilə də qadınlar, uşaqlar, yaşlılar Azərbaycana təxliyə olunub. Ukrayna ilə həmsərhəd ölkəkərdən vətəndaşlarımızın çarter reysləri, habelə avtobuslarla təxliyəsi bundan sonra da davam edəcək”.

Dövlət Miqrasiya Xidmətindən də bildirilib ki, qurumda bu barədə məlumat yoxdur: “Ukrayna ilə Azərbaycan arasında vizasız gediş-gəliş var. İstənilən Gürcüstan, Rusiya, Ukrayna vətəndaşı və 90 gün müddətində qalıb qayıda bilər. Eyni zamanda, Ukraynada hərbi əməliyyatların başlanmasından sonra ölkənin vətəndaşları əsasən həmsərhəd ölkələrə keçid edirlər”.


Müəllif: Aysel Azad