21 Sentyabr 2023 18:14
12 747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ordusunun keçirdiyi antiterror tədbirləri yalnız hərbi qələbə kimi qiymətləndirilməli deyil, bu, həm də uzun bir prosesin növbəti mərhələlərindən biridir. Azərbaycan məqsədlərinə qısa zamanda nail oldu. Ermənistanın bölgəmizdəki proseslərə təhdidinin qabağını aldıq. Cənab Prezidentin qeyd etdiyi kimi, erməni şovinizminin belini qırdıq.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, uzun müddətdir ermənilərin təxribat və təhdidlərinin qarşısının alınması ilə bağlı çağırışlar edilirdi:

“Bu, kiçik bir qələbə deyil, məqsədimizə çatmaq üçün atdığımız növbəti uğurlu addımdır. Əslində, ermənilərin məqsədi yalnız Qarabağ deyilmiş. Onların məqsədi həm də Azərbaycanı işğal etmək idi. Son günlərdə bu təxribatların, təhdidlərin artdığını görürdük. Təəssüf ki, bir sıra Qərb dairələrinin, ölkələrinin Ermənistana dəstəyi onları yeni cinayətlərə təşviq edirdi. Bir neçə gün əvvəl bunu açıq şəkildə gördük.
Paşinyanın, Ermənistan hakimiyyətinin davamlı olaraq Azərbaycana qarşı addımlar atması, bəyanatlar verməsi bunu açıq-aydın göstərdi. O mənada təxribatların, təhdidlərinin qarşısını aldıq. Bir sıra Qərb dövlətlərinin, beynəlxalq təşkilatların Azərbaycanın daxili işlərinə qarışmasını önlədik. Sülhə doğru növbəti addımı atdıq. Hesab edirəm ki, bu qələbənin çox ciddi nəticələrini görəcəyik”.
Ceyhun Məmmədov qeyd edib ki, reinteqrasiya ilə bağlı heç bir problem yoxdur:

“Qarabağda yaşayan ermənilərin mütləq əksəriyyəti bu gün hazırdır. Bunun üçün çox da uzaqgörən olmaq lazım deyil. Ermənilərin özləri deyirlər ki, 30 ildə Qarabağda daşı daş üstündə qoymadıq. Amma Azərbaycan 2-3 ildə görün burda nə qədər işlər görüb?
Proses sürətlə davam edəcək. Necə ki Zəngilanda, Laçında qısa müddətdə işlər gördük, bunu digər ərazilərimizdə də edəcəyik. Bunun üçün həm təcrübəmiz, həm də imkanlarımız var. Bu baxımdan heç bir problem olmayacaq”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər