24 Aprel 2015 23:26
1 404
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransız rəssamı JR “The New York Times Magazine” jurnalının üz qabığı üçün iri miqyaslı rəsm əsərini təqdim edib. Rəsm əsərində təsvir olunan oğlan Azərbaycandandır. Jurnal bu həftənin şənbə günü nəşr ediləcək.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, JR adlı rəssam dünyanın müxtəlif yerlərində iri həcmli fotoları yollara həkk etməklə məşğuldur. Onun “Walking New York” (“Nyu-Yorkda gəzinti”) layihəsi üçün Ellis adasında yaşayan immiqrantlar hədəf seçilib.

JR küçədə gəzişərkən keçən il Nyu-Yorka gəlmiş 15 immiqrantın şəklini çəkib. Jurnalın üz qabığı üçün isə Azərbaycandan olan 20 yaşlı Elmar Əliyev seçilib. Elmar Nyu-Yorkda yerləşən “Old Baku” restoranında ofisiant işləyir. O, “green card” (yaşıl kart) udaraq Azərbaycandan Nyu-Yorka keçən ilin avqust ayında köç edib. Elmar şəhərin Mərkəzi parkında gəzişməyi və “Evdə Tək 2” filmini çox sevir. JR Əliyevin yeriyərkən əllərini yelləməsini bəyənərək onu çəkmək qərarına gəlib.

Əliyevin fotosu 62 kağız zolağı üzərində çap edilib. Sonra isə həmin kağız zolaqları 20 insanın köməkliyi ilə səhər saatlarında insanların az hərəkət etdiyi vaxt “Flatiration plaza” yaxınlığında piyada keçidinə yapışdırıb. Şəkilin piyada keçidinə həkk edilməsi üçün 3 saat yarım vaxt sərf olunub. Nəticədə, Əliyevin 46 metrlik şəkili asfalt yola yapışdırılıb. Səhər açıldıqda isə ərazidən keçən insanlar Əliyevin fotosunun üzərindən keçməyə başlayıb.

Elmar Əliyevin fotosuna daha dəqiq baxmaq üçün yüksək binalardan birinin üzərinə çıxmaq lazımdır. JR isə vertolyotla havaya qalxaraq Elmar Əliyevin fotosunu yüksəklikdən çəkib.

Şəkildən də görünür ki, insanlar özləri də xəbər tutmadan Elmarın fotosu üzərindən addımlayır. 3,1 milyon immiqrantın yaşadığı yerdə Elmarın yolda həkk olunmuş şəkili indi isə jurnalın üz qabığında çıxacaq.

Qeyd edək ki, Elmarın fotosu yalnız günəş altında görünür, axşam düşən kimi isə yoxa çıxır.
JR-in Facebook sosial şəbəkəsində paylaşdığı şərhi təqdim edirik.

“Keçən ay “New York Times Magazine” jurnalı birlikdə layihə üzərində düşünməyi təklif etdi... Onlara dedim ki, düz bir ildir ki, İmmiqrasiya layihəsi üzərində çalışıram və başladığım Ellis adasındakı şəhərdən davam etmək istəyirəm. Beləliklə də, biz bir il müddətində adaya təşrif buyuran insanların axtarışına çıxdıq. Biz dünyanın müxtəlif yerlərindən gələn 15 insan seçdik. Onları küçədə yeriyərkən şəkillərini çəkdik... onların hamısı tamamilə yad insanlardır... şəhərin kölgəsində yaşayıb ingilis dilini öyrənirlər. Biz Elmarı seçdik. Onun 20 yaşı var və Azərbaycandan gəlib. Onun fotosu Nyu-Yorkun “Flat Iron Plaza”-ın döşəməsinə həkk olunub. Şəkilin uzunluğu 46 metrdir. Bütün günü insanlar onun fotosu üzərindən yeriyir və heç kim onu sezmir...Bu gün isə həmin foto jurnalın üz qabığındadır və jurnal şənbə günü çap olunacaq...”


Müəllif:

Oxşar xəbərlər