7 May 2015 14:25
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əli Həsənov: "Təsadüfi deyil ki, ekspertlər Bakını “Humanitar Davos” adlandırırlar".

“Azərbaycan Cənubi Qafqazda xristianlıqla islamın sərhədlərinin və sivilizasiyaların qovuşduğu, müxtəlif millətlərin, dinlərin və mədəniyyətlərin bir arada fəaliyyət göstərdiyi, dini dözümlülüyün hökm sürdüyü coğrafi məkan, öz multikulturalist və tolerant cəmiyyəti, sabit ictimai mühiti ilə seçilən dövlət hesab olunur”.

Teleqraf.com məlumatına görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün Bakıda ulu öndər Heydər Əliyevin 92-ci ildönümünə həsr edilmiş “Azərbaycan müasir dünyada” adlı konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, ölkə rəhbərliyinin bu istiqamətdə yürütdüyü ardıcıl siyasət regionda Azərbaycanın geosiyasi nüfuzunu artırmaqla yanaşı həm də Cənubi Qafqaz və Xəzər Hövzəsində regional sabitlik və təhlükəsizliyin təmin olunmasına ciddi təsir göstərir. Ə.Həsənov deyib ki, bütün bunlar Azərbaycanın xarici aləmlə geosiyasi tərəfdaşlığına müsbət təsir göstərən əsas amil hesab olunur: “Azərbaycan özünün regional imicinə, daxili ideoloji-mədəni resurslarına görə dünyada seçilən yerlərdən birini tutur. Bu yer bir tərəfdən keçmiş Azərbaycan Prezidenti Heydər Əliyevin uzun müddət ölkəni beynəlxalq aləmdə təmsil etməsi ilə bağlı olub.

Azərbaycan regionda yürütdüyü balanslı siyasəti ilə həm Avroatlantik təhlükəsizlik strukturları, həm də regionun aparıcı dövlətləri ilə hərbi-geostrateji tərəfdaşlıq xətti yürütməklə dünyanın və regionun təhlükəsizlik maraqlarında ciddi amilə çevrilib. Hazırda Azərbaycanın əksər xarici və region ölkələri ilə yaxşı tərəfdaşlıq və əməkdaşlıq münasibətləri var. ABŞ, Avropa Birliyi ilə yanaşı, Azərbaycan Xəzər-Qara dəniz hövzəsi, Orta Asiya, Yaxın Şərq, 2012-cildən Qoşulmama Hərəkatına üzv olduqdan sonra isə bir sıra Cənubi Amerika ölkələri ilə tərəfdaşlıq əlaqələri yaradıb. Ətraf ölkələrdən onun yalnız Ermənistanla Dağlıq Qarabağla bağlı münaqişəsi və problemləri mövcuddur. Xəzər hövzəsi ölkələri içərisində Türkmənistan və İranla Xəzər dənizindəki sektor bölgüsü və bəzi yataqların mənsubiyyəti ilə bağlı müəyyən problemlər olsa da, hazırda bu ölkələrlə bütün digər sahələr üzrə dostluq və tərəfdaşlıq münasibətləri hökm sürür. Azərbaycanın əlverişli coğrafi durumu, müstəqil siyasəti, iqtisadi potensialı geosiyasi dəyərini daha da artırıb. Təsadufi deyil ki, ekspertlər Bakını “Humanitar Davos” adlandırırlar. Azərbaycan məscidin, kilsənin və sinaqoqun heç bir qısqanclıq, narahatlıq olmadan yan-yana fəaliyyət göstərdiyi, çoxsaylı milli və etnik azlıqların sülh və əmin-amanlıq şəraitində yaşadığı ən nadir tolerant ölkələrdən biridir. 2012-ci ildə “Evrovision” mahnı müsabiqəsini, çoxsaylı beynəlxalq idman yarışlarını yüksək səviyyədə təşkil edən Azərbaycan artıq 2015-cil ildə I Avropa Oyunlarını keçirməyə hazırlaşır”.

Ə.Həsənov onu da qeyd edib ki, Azərbaycanın xarici aləmlə tərəfdaşlıq münasibətlərinə mənfi təsir göstərən amillər də mövcuddur: “Tədqiqatçılar bu sıraya ilk növbədə Ermənistanla münaqişənin və Dağlıq Qarabağ probleminin 20 ildən bəri həll olunmamasını aid dirlər. Ümumiyyətlə, müstəqilliyə qovuşduğu andan Azərbaycan milli inkişaf yolunda rastlaşdığı ən mühüm problem də məhz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olub”.

Vasif Həsənli


Müəllif:

Oxşar xəbərlər