8 İyul 2015 15:55
1 292
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə keçirilən sonuncu parlament seçkilərində yetərsay əldə edə bilməyən hakim Ədalət və İnkişaf Partiyasının (AKP) koalisiyiya hökuməti qurmaq istiqamətində apardığı cəhdlər nəticə verməyib.

Müxalifətdə olan partiyaların irəli sürdüyü şərtlər AKP üçün qəbuledilməz hesab edilir. Məsələn, Milliyyətçi Hərəkat Partiyası koalisiya ilə bağlı 3 şərt irəli sürüb. Şərtlərə əsasən, silahlı kürdlərlə bağlı demokratik açılım siyasətinə son qoyulmalı, 17-25 dekabr əməliyyatının detalları açıqlanmalı və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Çankaya sarayına qayıtmalıdır.

Siyasi ekspertlər hesab edir ki, Türkiyədə koalisiya hökumətinin qurulması mümkün görünmür, çünki siyasi partiyalar arasında körpülər yandırılıb və ortada dərin uçurum var. Bundan başqa razılaşma olsa belə, koalsiyiya hökumətinin qurulması uzun vaxt aparacaq.

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli Teleqraf.com-a bildirib ki, AKP gözlənilməz duruma düşüb: "AKP Ərdoğanın yürütdüyü barışmaz, radikal siyasətin əsirinə çevrilib. AKP gah MHP, gah CHP, gah da HDP ilə danışıqlar aparır. Amma onun qarşısında elə şərtlər qoyurlar ki, onları qəbul etmək AKP-yə öz dəyərlərindən imtina etməsi hesabına başa gəlir. MHP rüşvət olaylarını araşdırmaqdan vaz keçmək istəmir, həmçinin kürdlərlə bağlı tələbləri var. Bu mənada CHP-nin şərtləri daha yumuşaqdır. Hesab edirəm ki, yeni qurulacaq koalisiya ölkəni idarə etməkdə çətinlik çəkəcək və Türkiyədə xaotik durumu artıracaq".

Q.Hüseynliyə görə, əgər koalisiya hökuməti qurulmasa, təkrar parlament seçkiləri keçiriləcək: "Əgər təkrar parlament seçkiləri keçirilsə, bu, mövcud nəticələrə bir o qədər təsir etməyəcək. Düşünürəm ki, Ərdoğan müxalifətin tələblərini qəbul edib, özünün radikal siyasi xəttindən imtina edəcək. Bütün hallarda Türkiyədə yaranan siyasi durum bu ölkənin seçim qarşısında olduğunu göstərir. Türkiyə ya demokratik yolla inkişaf edəcək, ölkədə siyasi islahatlar aparılacaq, ya da Ərdoğan avtoritarizmi güclənəcək".

Ayxan


Müəllif:

Oxşar xəbərlər