23 Noyabr 2015 17:24
936
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası ölkənin ən böyük gənclər platforması kimi fəaliyyətini “3G” (“G” – Gənclər) strategiyası çərçivəsində həyata keçirir.

Bu strategiya gənclərlə bağlı bir-biri ilə əlaqəli 3 sahənin inkişafını nəzərdə tutur ki, onlarda biri gənclər təşkilatları institutunun gücləndirilməsidir. Təsis olunduğu 1995-ci ildən inkişaf yolu çərçivəsində daima gənclər təşkilatlarını inkişaf etdirən Milli Şura bu gün 20 illik təcrübəsi ilə gənclər təşkilatlarının inkişaf meyllərini müəyyən edən platforma kimi çıxış edir. Bu istiqamətdə təşkilat ölkə və beynəlxalq səviyyəli bir sıra proqram və layihələr həyata keçirərək, həm gənclər təşkilatlarını maarifləndirib, həm də onların müvafiq bacarıqlarının, eləcə də onlar arasında əməkdaşlıq əlaqələrinin formalaşmasını təmin edib. Bu istiqamətdə hər il keçirilən Gənclər Təşkilatlarının Milli Konqresi də gənclər təşkilatlarının institusional inkişafı üçün mühüm əhəmiyyət kəsb edən tədbirlərdən biridir.

Gənclər Təşkilatlarının Milli Konqresinin təşkili ilə bağlı təşəbbüs ilk dəfə Gənclər Təşkilatlarının IV Respublika Sərgisi zamanı Milli Şuranın sədri Şahin Seyidzadə tərəfindən irəli sürülüb. Çox xoşdur ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev Milli Şuranın stendini ziyarət edərkən irəli sürülən təşəbbüs ölkə başçısı tərəfindən müsbət qarşılanıb və dəstəklənib. Daha sonra isə 2013-cü ildə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Gənclər Təşkilatlarının I Milli Konqresi təşkil olunub.

25 noyabr tarixində Milli Şura tərəfindən Gənclər Təşkilatlarının II Milli Konqresi təşkil olunacaq. Bu il keçiriləcək Konqres xüsusi əhəmiyyətə malik olacaq. Belə ki, Konqresin keçirilməsi Milli Şuranın təsis olunmasının 20 il dönümünə təsadüf edəcək. Tədbir zamanı dövlət rəsmilərinin, beynəlxalq gənclər platformalarının nümayəndələrinin çıxışları dinləniləcək. İştirakçılar ölkədə həyata keçirilən gənclər siyasəti haqqında məlumat əldə edəcək, habelə gənclər təşkilatlarının potensialının gücləndirilməsi və idarəetmənin effektiv mexanizmlərin yaradılması haqqında müzakirələrdə iştirak edəcəklər.

Hazırki məlumata əsasən, tədbirdə iştirakçı və qonaqlardan ibarət 200 nəfər qatılacaq. İnanırıq ki, Gənclər Təşkilatlarının II Milli Konqresi ölkənin gənclər siyasətinə öz töhfəsini verən gənclər təşkilatlarının institusional inkişafına, eləcə də onlar arasında əməkdaşlıq əlaqələrinin güclənməsinə imkan yaradacaq.

İlhamə


Müəllif: