12 Mart 2016 12:49
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fəzail Ağamalı: “Ermənistanın sıxışdırılması Prezident tərəfindən zərgər dəqiqliyi ilə həyata keçirilir”

Martın 10-11-də Bakıda “Çoxqütblü dünyaya doğru” mövzusunda lV Qlobal Bakı Forumu keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə baş tutan forumdə Albaniya, Monteneqro, Bolqarıstan, Makedoniya, Bosniya və Herseqovina, Gürcüstan prezidentləri iştirak edib. Bundan başqa, tədbirə 27 sabiq prezident və 23 keçmiş baş nazir də daxil olmaqla 53 ölkədən 300-dən çox nümayəndə qatılıb.

IV Qlobal Bakı Forumunun əhəmiyyətini şərh edən Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı hesab edir ki, ölkə Prezidentinin forum çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı söylədiyi fikirlər gələcəkdə Azərbaycana müəyyən dividend və üstünlüklər verəcək: “Bu forum Prezident İlham Əliyevin irəli sürdüyü bir layihədir və ənənəvi olaraq Bakıda keçirilir. Dünyanın aparıcı siyasətçiləri, dövlət xadimləri bu forumda iştirak edirlər. Forum çərçivəsində dünyanı narahat edən proseslərin müzakirəsi gözlənilir.

Azərbaycan bu foruma ev sahibliyi etməklə bir növ dünyada sülhün və təhlükəsizliyin qorunmasına öz töhfələrini vermiş olur. Düşünürəm ki, Azərbaycan işğal olunmuş torpaqlarımızın geri qaytarılması ilə bağlı özünün prinsipial mövqeyini bir daha ortaya qoyacaq. Əlbəttə ki, ölkə Prezidentinin forum çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı söylədiyi fikirlər gələcəkdə Azərbaycana müəyyən dividend və üstünlüklər verəcək. Güman edirəm ki, bu gün də həmin dividend və üstünlüklərimiz var. Diplomatik anlamda Ermənistanın sıxışdırılması məsələsi ölkə Prezidenti tərəfindən zərgər dəqiqliyi ilə həyata keçirilir. Ermənistan hazırda son dərəcə ağır bir vəziyyətdə qalıb. Prezident İlham Əliyev hər imkan düşdükcə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın qətiyyətli, prinsipial və barışmaz mövqeyini ortaya qoyur. Düşünürəm ki, Azərbaycanın bu mövqeyi IV Qlobal Bakı Forumu çərçivəsində də öz əksini tapdı”.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) baş katibi, sədr əvəzi Arzuxan Əlizadə isə bildirib ki, “Çoxqütblü dünyaya doğru” mövzusunda lV Qlobal Bakı Forumunu müzakirə olunacaq məsələlərin aktuallığı baxımından əhəmiyyətli tədbir hesab etmək olar: “Belə ki, forumda dünyada baş verən mühüm hadisələr və cərəyan edən proseslər fonunda siyasi, iqtisadi və humanitar sahələrdə aktual məsələlər, qlobal etimadsızlıq və təhlükəsizlik, regional münaqişələrlə əlaqədar təhlükələr, qlobal iqtisadi çətinliklərin arzuolunmaz nəticələri, iqlim dəyişikliyi və enerji siyasəti, dinlərarası dialoq və qarşılıqlı inteqrasiya və digər məsələlərlə bağlı mühüm istiqamətlər üzrə müzakirələr aparılıb. Həmçinin forumda hazırda fəaliyyətdə olan, eləcə də sabiq dövlət və hökumət başçılarının, nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərinin, tanınmış siyasətçilərin, ekspertlərin, ümumilikdə dünyanın 53 ölkəsindən 300-dən artıq nümayəndənin iştirak etməsi keçirilən tədbirə olan marağın göstəricisidir”.

A.Əlizadə qeyd edib ki, bu qəbildən olan beynəlxalq tədbirlərə ev sahibliyi etməklə Azərbaycan regionun aparıcı dövləti olmaq iddialarını ortaya qoymuş olur: “Eyni zamanda belə tədbirlər işğal altında olan Dağlıq Qarabağ və ətraf yeddi rayonumuzla əlaqədar həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından da əhəmiyyətlidir. Yeri gəlmişkən qeyd edim ki, bu ilin 3-5 fevral tarixlərində Azərbaycan Milli İstiqlal Partiyasının həmtəşkilatçılığı və Avropa Parlamenti üzvlərinin, bir sıra ölkələri təmsil edən siyasi ekspertlərin, elm adamlarının, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə İstanbulda beynəlxalq dəyirmi masa keçirilmiş və həmin tədbirdə də IV Qlobal Bakı Forumunun gündəliyində olan bir sıra aktual məsələlərlə bağlı mövzularda müzakirələr aparılıb. Amma bir məsələni də xüsusilə qeyd etmək istəyirəm ki, istənilən tədbir o zaman müsbət nəticə verə bilər ki, müzakirə olunan məsələlərin həlli və dünya miqyaslı ölkəyə çevrilmək istiqamətində real addımlar atılsın”.

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər