3 Aprel 2016 14:31
3 100
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 2-də Azərbaycan Respublikası Prezidentinin yanında Təhlükəsizlik Şurasının iclası keçirilib.


Dövlətimizin başçısı iclasda çıxış edib.


Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı:


- Bu gün Ermənistan Azərbaycana qarşı növbəti silahlı təxribat törətmişdir. Təmas xəttində yerləşən mövqelərimizə hücum çəkmişdir. Təmas xəttinə yaxın yerlərdə yerləşən yaşayış məntəqələrini atəşə tutmuşdur.


Bu silahlı təxribat nəticəsində itkilərimiz olmuşdur. Hərbiçilərimiz və mülki şəxslər həlak olmuşlar. Xahiş edirəm ki, həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edək.


Həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu.


Prezident İlham Əliyev: Allah rəhmət eləsin. Allah onların qohumlarına, yaxınlarına səbr versin. Yaralananlara Allahdan şəfa diləyirəm.


Göstəriş verirəm ki, Nazirlər Kabineti həlak olanların ailələrinə maddi yardım göstərmək üçün təkliflər irəli sürsün və Müdafiə Nazirliyi döyüş əməliyyatlarında fərqlənmiş, Vətən uğrunda qəhrəmancasına döyüşmüş insanları təltif etmək üçün mənə təkliflər təqdim etsin.


Bu, Ermənistanın ölkəmizə qarşı növbəti silahlı təxribatıdır. Birinci dəfə deyil ki, Ermənistan bu cür təxribatlara əl atır. Bir neçə gün bundan əvvəl Azərbaycan-Ermənistan sərhədində, Qazax istiqamətində də oxşar təxribat törədilmişdir. Bizim mövqelərimizə Ermənistanın təxribatçı qrupları hücum çəkmişlər. Bu hücum nəticəsində iki hərbçimiz həlak olmuşdur. Düşmənə layiqli cavab verilmişdir. Düşmən yerinə oturduldu.


Yəni, bunu demək istəyirəm ki, bugünkü təxribat da Ermənistanın Azərbaycana qarşı məkrli siyasətinin təzahürüdür. Bu gün erməni təxribatı Azərbaycan Ordusu tərəfindən layiqincə cavablandırıldı. Düşmənə çox böyük zərbələr endirildi. Düşmən böyük itkilər verdi. Müdafiə naziri bu gün bu məsələ ilə bağlı daha ətraflı məlumat verəcək. Deyə bilərəm ki, düşmənə sarsıdıcı zərbə vuruldu.


Bununla bərabər, bizim qəhrəman döyüşçülərimiz nəinki təxribatın qarşısını ala bildilər. Eyni zamanda, daha əlverişli hərbi mövqelərə malik oldular. Bu gün təmas xəttində Azərbaycanın üstünlüyü daha da möhkəmləndi. Aparılan hərbi əməliyyat nəticəsində, - onu da qeyd etmək istəyirəm ki, bu əməliyyat təxribata cavab olaraq aparılmışdır, - biz böyük hərbi qələbəni qazandıq. Bu münasibətlə Ordumuzu, bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm.


Əminəm ki, bundan sonra da düşmənin bütün təxribatları cavabsız qalmayacaq. Düşmənə bundan sonra da layiqli cavab veriləcək. Azərbaycan Ordusu buna qadirdir. Azərbaycan övladları öz doğma torpağını müdafiə edirlər, Vətən uğrunda vuruşurlar, şəhid olurlar. Bütün şəhidlərimizin xatirəsi bizim ürəyimizdə yaşayır və əbədi yaşayacaq.


Ermənistanın bu hərəkətlərinin də səbəbi mənim üçün sirr deyil. Mən dəfələrlə həm Azərbaycan ictimaiyyətinə, həm bu məsələ ilə bağlı olan vasitəçilərə, vasitəçilik edən ölkələrin başçılarına öz fikirlərimi bildirmişdim. Ermənistan sülh istəmir. Ermənistan işğal edilmiş torpaqlardan çəkilmək istəmir və bütün səyləri ona yönəldib ki, status-kvonu maksimum saxlaya bilsin. Bu sözlərin kifayət qədər çox sübutları var. Danışıqlar prosesi iyirmi ildən artıqdır ki, aparılır. Bu iyirmi il ərzində həlledici məqamlarda Ermənistan həmişə təxribatlara əl atırdı. Təmas xəttində Ermənistan tərəfindən daim gərginlik yaradılır. Eyni zamanda, keçən əsrin sonlarında Ermənistan parlamentində terror aktının törədilməsi də məhz bu məqsədi güdürdü ki, münaqişə ilə bağlı mümkün olan razılaşmanı əngəlləsinlər və beləliklə, status-kvonu saxlaya bilsinlər.


Müəllif:

Oxşar xəbərlər