“Konstitusiya da digər qanunlar kimi ehkam deyil, o da bir canlı orqanizm kimi, daim inkişafda olmalıdır. Hər bir ölkə üçün nə qədər vacib sənəd olsa da, cəmiyyətin inkişafı, yeni ictimai-siyasi münasibətlərin meydana çıxması konstitusiyada islahatların aparılmasını zəruri edir. Çünki konstitusiya özü də bir qanundur və ictimai münasibətlərinin inkişaf səviyyəsi, dövlət idarəçilik quruluşunun təkmilləşdirilməsi zərurəti onun da dəyişdirilməsini şərtləndirə bilər”. Teleqraf.com xəbər verir ki, bunu YAP-ın saytına müsahibəsində Milli Məclisin komitə sədri, “Yeni Azərbaycan” referendum üzrə təşviqat qrupu tərəfindən təyin edilmiş səlahiyyətli nümayəndə Hadı Rəcəbli deyib.
H.Rəsəbli qeyd edib ki, sonuncu konstitusiya islahatları 2009-cu ildə baş tutub. O qeyd edib ki, ötən 7 ildə Azərbaycan dinamik inkişaf edib, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında əsaslı dəyişikliklər baş verib: “Beynəlxalq təcrübəyə əsasən demək olar ki, dövrün tələblərinə uyğun şəkildə dövlət idarəçilik sisteminin təkmilləşdirilməsi, icra hakimiyyəti orqanlarının fəaliyyətinin yenidən təşkili, ictimai münasibətlərin tənzimlənməsi və digər bu kimi məsələlərin həlli ilə bağlı islahatların həyata keçirilməsi adi və zəruri praktikadır. Referendum Aktının layihəsində konstitusiyanın 23 maddəsinə dəyişikliklər və 6 yeni maddənin əlavə edilməsi təklif edilir. Ümumi olaraq dəyişiklikləri üç istiqamətdə qruplaşdırmaq olar: İnsan və vətəndaş hüquqları və azadlıqlarının genişlənməsi; Qanunvericlik hakimiyyətinin fəaliyyəti ilə bağlı yeni tələblərin müəyyən edilməsi; Prezidentlik institutunun gücləndirilməsi”.
Referendum aktı layihəsinin prezidentlik institutunun gücləndirilməsi istiqaməti ilə bağlı danışan H.Rəcəbli bununla bağlı üç əsas yenilik təklif edildiyini vurğulayıb: “Birincisi, Prezident seçilmək üçün yaş tələbinin götürülməsi, ikincisi, Azərbaycan Respublikasının birinci vitse-prezidenti və vitse-prezidentləri vəzifələrinin təsis edilməsi, üçüncüsü, prezidentlik müddətinin 7 il müəyyən edilməsidir. Yaş tələbinin götürülməsi dövlət hakimiyyətinin bütün qollarından olan şəxslərə münasibətdə tətbiq edilib və ümumi olaraq demokratik yanaşmadır.
Vitse-prezident vəzifələrinin təsis edilməsi prezidentin iş fəaliyyətinə dəstək, prezident xarici səfərlərdə olduqda və ya zərurət yarandıqda Azərbaycan Prezidentinin səlahiyyətlərini icra etmək məqsədi ilə müəyyən edilib. Layihədə vitse-prezidentin statusu və fəaliyyəti ilə bağlı ümumi müddəalar yer alıb. Bu, Azərbaycan üçün yeni bir institutdur və fəaliyyətinin gələcəkdə təmin edilməsi üçün müvafiq tədbirlər həyata keçiriləcək.
Prezidentlik müddətinin artırılması əsas diqqətin sabitlik, iqtisadi inkişaf, sosial rifah və digər dövlət proqramlarının icrasına yönləndirilməsinə imkan verəcək. Prezidentin seçilmə müddətinin ölkədəki demokratik vəziyyətə və demoktratik institutların fəaliyətinə təsiri yoxdur. Dünya üzrə bir çox ölkələrin konstitusiyalarında prezidentlik müddəti 5 ildən çox – 6-7 il müəyyən olunub. İtaliya, Finlandiya, Avstriya, İsrail, İrlandiya, Rusiya və Meksika kimi ölkələr buna nümunədir. Fransada və Türkiyədə uzun müddət prezidentlik müddəti 7 il olub və bu dövrdə Fransa və Türkiyədə demokratiya və iqtisadi vəziyyət geriləməyib.
Prezidentlik müddətinin 5 ildən 7 ilə qaldırılması dövlətin siyasi, sosial inkişafı ilə yanaşı, həm də büdcəyə qənaət etməyə imkan verəcək. Prezidentin başlamış olduğu dövlət proqramları, iqtisadi və xarici siyasətin həyata keçirilməsi, reallaşması üçün daha çox zamana ehtiyac var”.
Konstitusiya islahatlarının qanunvericilik orqanını da əhatə etdiyini vurğulayan Milli Məclisin komitə sədri qeyd edib ki, bu istiqamətdə təklif edilən dəyişikliklə deputat seçilmək üçün müəyyən edilmiş 25 yaş tələbini aradan qaldırır: “Bununlada seçkidə iştirak etmək hüququna malik olan şəxslərə eyni zamanda seçilmək hüququ təmin edilir. Gənclərin seçmək hüquqları var idi və artıq bundan sonra da seçilmək hüququ da olacaq. Biz 18 yaşından seçki hüququnu tanıyırıqsa, yəni artıq bu yaşdan vətəndaş seçmək hüququnu özündə əks etdirirsə, o zaman seçilmək hüququnu niyə məhdudlaşdıraq? Bu gün ölkədə gənclik hərəkatı geniş vüsət alıb. Qoy gələcəkdə gənclərimiz parlamentdə yüksək səviyyədə təmsil olunsun. Millət vəkili seçilməyin 18 yaşa endirilməsinin əhəmiyyəti odur ki, artıq parlamentdə yaşlılarla yanaşı, orta yaşlılar, gənclər təbəqəsi də formalaşacaq.
Seçkili vəzifələrə yaşla bağlı tələblərin olmaması Almaniya, Fransa, Norveç, Finlandiya, Avstriya, Danimarka, Estoniya, İngiltərə və sair qərb ölkələrində tətbiq edilir. Bu tələblərin götürülməsi eyni zamanda gənclərin seçkili vəzifələrə marağını artıracaq, onların ictimai həyatda daha aktiv olmalarını təmin edəcək.
Deputatlıqdan məhrumetmə və deputatların səlahiyyətlərinin itirilməsi ilə bağlı 89-cu maddəyə təklif edilən dəyişikliklər deputatların fəaliyyətində şəffaflığın artırılması və etik davranış qaydalarına tam riayət edilməsini, potensial maraqlar toqquşmasının qarşısının alınması və deputatların fəaliyyətinə ictimai etimadın artırılmasını təmin edəcəkdir. Bu dəyişikliyin qəbul edilməsi yəqin ki, eyni zamanda deputatlar üçün daha əhatəli ayrıca qanun formasında etik davranış qaydalarının qəbul edilməsini şərtləndirəcək”.
Daha bir dəyişiklik – prezidentin parlamenti buraxması məsələsi barədə danışan H.Rəcəbli bunu qanunvericilik hakimiyyəti ilə bağlı əhəmiyyətli yeniliklərdən biri adlandırıb: “İlkin olaraq bu maddə ilə bağlı elə təəssürat yarana bilər ki, burada yanaşma parlament institutunun rolunun nisbətən zəifllədilməsidir. Lakin maddəni daha yaxından təhlil etdikdə əsas vurğunun daha çox sabitliyin təmin edilməsi və parlamentdaxili hansısa qeyri-müəyyən, böhran və xaotik vəziyyətlərdə dövlət idarəçiliyinin, dövlət hakimiyyəti qollarının normal və fasiləsiz fəaliyyətinin təmin edilməsində olması görsənir. Nümunə üçün bu hal Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Mərkəzi Bankın İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda onlara üzvlüyə namizədləri iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə və ya Milli Məclisin fəaliyyəti aradan qaldırıla bilməyən səbəblər üzündən icra edilə bilinmədikdə son zərurət tədbiri kimi tətbiq edilə bilər. Parlamentin buraxılması ilə bağlı oxşar yanaşma və mexanizmlər Fransa, Almaniya, İtaliya, İrlandiya, Rumıniya, Rusiya və sair ölkələrin konstitusiyalarında da müəyyən edilib”.
Səxavət