Milli Məclisin deputatı Qənirə Paşayeva Tovuzda müəllimlərlə görüşüb, onları yeni dərs ili münasibətilə təbrik edib, qayğıları ilə maraqlanıb. Teleqraf.com-un məlumatına görə, bir sıra müəllimlər çıxış edərək məktəbdə təhsilin vəziyyəti, qarşıda duran hədəflər barədə məlumat veriblər. Q.Paşayeva müəllimlərin qayğılarını dinləyib və fikir mübadiləsi aparılıb.
Gənclərin mütləq bir peşə sahibi olmasının önəmini xüsusi vurğulayan millət vəkili bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir gəncimiz eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı öyrənməlidirlər.
Q.Paşayeva “gənclər arasında zərərli vərdişlərə – narkomaniyaya, siqaretə, qumar oyunlarına aludə olan gənclərin artması hamımızı ciddi narahat etməlidir” deyib. O qeyd edib ki, buna görə ailələrlə bərabər bu məsələdə məktəblərin də üzərinə böyük məsuliyyət düşür: “Məktəb təhsil verməklə bərabər vətəndaş da yetişdirir və müəllimlərimizdən xahiş edirik ki, gənclər arasında zərərli vərdişlərlə bağlı mütamadi söhbətlər aparsınlar, gənclər arasında bu zərərli vərdişlərə tutulanları gördükdə zamanında – gec olmadan onlara dəstək olmağa daha da çox çalışsınlar. Müəllimlər toplumun ziyalılarıdır və bu gün sizin bu məsələlərdə də böyük dəstəyinizə ehtiyac var.
Eyni zamanda gənclərin onların üçün lazımsız, mənasız sadəcə zamanlarını əllərindən alan verlişlərdən uzaq durmaları və zamanlarını oxumağa, öyrənməyə, boş zamanlarını isə kitablar oxumağa ayırmalarının vacibliyi ilə bağlı müəllimlərimizin daim gənclərlə söhbətlərinə böyük ehtiyac var. İnanıram ki, bu məsələlərdə əziz müəllimlərin səyləri daha da artacaq”.
Səxavət