22 Fevral 2017 12:00
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Federasiyasının sabiq Dövlət katibi, Baş nazirin müavini Gennadiy Burbulis və Rusiya Xarici Kəşfiyyat Xidmətinin keçmiş direktoru, xarici işlər nazirinin keçmiş müavini Vyaçeslav Trubnikov V Qlobal Bakı Forumunda iştirak edəcək.

Bu barədə Teleqraf.com-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

“Xarici əlaqələrin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunmuş forumun “Baltik-Qara dəniz Təhlükəsizlik İcmasının yaradılması: Fəaliyyət Planına doğru” adlı panel iclasında G.Burbulisin çıxışı nəzərdə tutulub.

G.Burbulis SSRİ-nin və Rusiyanın dövlət xadimi, 1990-92-ci illərdə Boris Yeltsinin yaxın silahdaşı, Rusiya Sovet Federativ Sosialist Respublilasının ilk və son dövlət katibi olub, həmin dövrdə Rusiyanın siyasətinə böyük təsir göstərib.

V.Trubnikov isə 1992-1996-cı illərdə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktorunun müavini olub, Yevgeni Primakovun ölümündən sonra 2000-ci ilə qədər bu xidmətə rəhbərlik edib. 2000-ci ildə isə xarici işlər nazirinin MDB işləri üzrə müavini təyin olunub, 4 il bu vəzifədə işləyib. V.Trubnikov həmin dövrdə ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan Qarabağ danışıqlarında yaxından iştirak edib.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 16-17-də keçiriləcək V Qlobal Bakı Forumunda dünyanı narahat edən qlobal məsələlər - transatlantik münasibətlərin gələcəyi, terrorizmlə mübarizə, beynəlxalq münasibətlərdə Çinin rolu kimi məslələr müzakirə ediləcək.


Müəllif:

Oxşar xəbərlər