24 Aprel 2014 13:45
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmail Serageldin: “Müştərək Cəmiyyətlər Forumunun Nizami yurdunda keçirilməsi təqdirəlayiqdir”

“Bu gün dünyanı narahat edən məsələlərə dair müzakirələrin səkkiz əsr öncə yaşamış, bütün bəşəriyyəti aralarındakı fərqliliyə sinə gərməyə və bir-birindən öyrənməyə çağıran, insanların ən dərin hisslərini dilə gətirən böyük şair Nizami Gəncəvinin yurdunda keçirilməsi təqdirəlayiqdir”. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin aprelin 27-30-da Bakıda keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumu haqda danışarkən belə deyib.

Teleqraf.com-un xəbərinə görə, İ.Serageldin bildirib ki, hazırda dünyanın müxtəlif yerində münaqişələr zamanı zor tətbiq etməkdən tutmuş ətraf mühitin çirklənməsinə, bir çox cəmiyyətlərdə qadınlara qarşı diskriminasiyanın davam etməsinə, azlıqların təcrid olunmasına qədər bir çox məsələlər təhlil edilib dəyişdirilməlidir: “Biz bu məsələlərin müzakirəsini dünyanın nüfuzlu simalarının iştirakı ilə açıqlılıq səviyyəsinə gətirmək qərarına gəlmişik. Biz öz uşaqlarımıza həqiqətən də açıq cəmiyyətlər yarada biləcək və hər kəs üçün sülhə, dayanıqlığa yardım edəcək siyasət formalarını aşılamağa borcluyuq”.

Qeyd edək ki, 2013-cü ilin mayında Bakıda başlayan müzakirələri daha da dərinləşdirmək və dünyanın, eləcə də regionun üzləşdiyi problemləri ortaya çıxarmaq məqsədilə II Qlobal Müştərək Cəmiyyətlər Forumu keçiriləcək. Tədbiri Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu təşkil edir. Forumda əksəriyyəti sabiq dövlət və hökumət rəhbəri olan 150-dən artıq qonaq iştirak edəcək.

Səxavət


Müəllif:

Oxşar xəbərlər