28 Aprel 2014 14:41
1 218
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Müxalifətin Rusiya ilə bağlı mövqeyi çox savadsız və arxaik xarakterlidir. "Rusiya təhlükəlidir", "qorxuludur" kimi fikirlərlə Azərbaycanda nə hakimiyyətə gəlmək olar, nə də ölkəni idarə etmək. Azərbaycan üçün əsas təhlükə daxildədir".

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Zərdüşt Əlizadə Müsavat Partiyasının qərargahında bu gün "Rusiyanın Azərbaycana təhlükəsi" mövzusunda aparılan müzakirələrə münasibət olaraq bildirib.

Qeyd edək ki, tədbirdə çıxış edən Müsavat başqanı İsa Qəmbər, politoloq Eldar Namazov, Zəfər Quliyev, ekspert Mehman Əliyev, Mehriban Vəzir Rusiyanın hazırda Azərbaycan üçün təhlükəli olduğunu deyiblər.

"Rusiya kimi güclü dövlətə qarşı açıq siyasət yürüdən və özlərini aparıcı müxalif qüvvə hesab edən düşərgənin hakimiyyətə gəlmək şansı nə dərəcədədir" sualına cavab olaraq Z.Əlizadə qeyd etdi ki, Azərbaycanın klassik müxalifətçilərinin Rusiya ilə bağlı mövqeyi savadsızlıqdan və siyasətçi olmamalarından irəli gəlir: "Heç bir dövlət istəməz ki, qonşuluğundakı dövlətin başına ona nifrət edən qüvvələr keçsin. Bu gün müxalifətdə ola-ola sən məni söyürsənsə, sabah hakimiyyətə gələndən sonra daha dəhşətli addımlar ata bilərsən. Bunlar hələ də elə bilirlər ki, SSRİ-ni Amerika yıxdı. Və inanırlar ki, Qərb Azərbaycanda demokratiya quracaq, müxalifəti hakimiyyətə gətirəcək, ölkəni Rusiyadan qoruyacaq və s. Bunlar hamısı illuziyadır. Avropa, Amerika Rusiya ilə hesablaşır, amma Azərbaycamn müxalifəti yox".

Politoloq qeyd etdi ki, 1992-cü ilin mayında Ayaz Mütəllibovu hakimiyyətdən Rusiya devirdi: "Həmin vaxt Azərbaycandakı proseslər Kremldən idarə olunurdu. Mütəllibov Rusiyanın vahid ordu komandanlığı ilə bağlı təklifini qəbul etmirdi. Ruslar ermənilərin vasitəsilə Xocalıda qətliam törətdi ki, bu da Mütəllibov hakimiyyətinin sonunu yaxınlaşdırdı. Rusiya istəyirdi ki, Azərbaycanda hakimiyyətə elə bir savadsız, səviyyəsiz qüvvə gəlsin ki, ölkəni idarə edə bilməsin, xaos yaransın. İstədiyini elədi və plan baş tutdu. Elçibəy ölkəni həqiqətən də, xaosa sürüklədi. Rusiyanın Azərbaycanı dağıtmaq üçün iki yolu var idi. Ya ölkəyə qoşun yeritmək, ya da cahil qüvvələri hakimiyyətə gətirmək. Onlar ikinci variantı seçdilər. Elçibəy hakimiyyətini Amerika və Türkiyənin xüsusi xidmət orqanları idarə edirdilər. Bunu mən yox, həmin bəyanatların yazılmasında iştirak etmiş birisi yazır. Tomas Qolts «Azərbaycan gündəliyi» kitabında qeyd edib ki, mitinqlərdə və başqa yerlərdə Əbülfəz Elçibəyin oxuduğu bəyanatları Amerika və Türkiyənin xüsusi xidmət orqanlarının zabitləri yazırdı. Hikmət Hacızadə Rusiyada səfir olanda cəbhəçilərə deyirdi ki, gəlin Moskvaya, buradakı siyasi rəhbərliklə danışın. Cəbhəçilər isə indiki kimi deyidilər ki, ruslar bizim düşmənimizdir. Amerika, Avropa bizi dəstəkləyir. Hikmət Hacızadə isə bildirb ki, o, Cənubi Qafqazda Rusiyanın tanklarını görür, Qərbin yox".

Z.Əlizadə hesab edir ki, müxalifət bu gün də Qərbin xoşuna gəlmək istəyir: "Onların xoşa gəlmək üçün atdıqları addımlar, açıqlamalar Qərbin vecinə deyil".

Ruslan


Müəllif:

Oxşar xəbərlər