Azərbaycan Mədəniyyət Nazirliyi, Xəzər Universiteti və Azərbaycan Dövlət Akademik Filarmoniyasının təşkilatçılığı ilə çağdaş aşıq sənətinin çox ünlü simalarından biri, Borçalı aşıq mühitinin istedadlı sənətkarı aşıq Ramin Qarayevin "Sazımda avazımda" adlı solo konserti keçiriləcək.
Teleqraf.com xəbər verir ki, mayın 19-da Azərbaycan Dövlət Akademik Filarmoniyasınında keçiriləcək solo konsertdə aşıq Ramin Qarayevi "Bakı-Təbriz" qrupu və Xəzər Universitetinin kamera orkestri müşayiət edəcək. Dirijor Meri Çeminavadır.
Sənətkarın solo konsertində qonaq qismində xalq artisti Alim Qasımov və Məhsəti Azaflı iştirak edəcəklər.
Tədbirin aparıcısı Qorxmaz Tofiqoğludur.
Hazırda solo konsertə hazırlıqla bağlı gərgin iş prosesi getdiyini deyən aşıq Ramin Qarayev bildirib ki, "Bakı-Təbriz" qrupu onu müşayiət edəcək. "Aşıq havaları yeni tərzdə kamera orkestri ilə təqdim ediləcək. Azərbaycanda ilk dəfədir ki, kamera orkestri ilə aşıq solo konsert verir. Bu ilkə biz imza atırıq, yəni mən kamera orkestri ilə konsert verəcəyəm. Mayın 19-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında solo konsertim olacaq. Bütün sazsevərləri dəvət edirəm"-deyə aşıq Ramin Qarayev bildirdi.
Məlumat üçün bildirək ki, aşıq Ramin Qarayev Azərbaycan Respublikasının Birinci Vitse- Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2009-cu ildə Azərbaycan aşıq sənətinin UNESKO-da qeyri-maddi irsi siyahısına daxil edilməsində iştirak edib.
2012-ci ildə Qazaxıstanda Dədə Qorqud festivalında qalib olaraq 3-cü yeri tutub.
2019-cu ildə İspaniyanın paytaxtı Madrid şəhərində İmaməddin Nəsiminin 650 illiyində,
Türkiyənin İstanbul şəhərində Qarabağ Zəfərinin 1 illiyinə həsr olunmuş "Qarabağ Azərbaycandır" adlı tədbirində iştirak edərək gözəl ifalar təqdim edib.
2022-ci ildə Türkiyənin Bursa-İznik şəhərində Rəcəb Tayyib Ərdoğan başda olmaqla 5 ölkənin prezidentinin iştirak etdiyi 4-cü Dünya Köçebe oyunlarının açlış tədbirdə iştirak edib.
2023-cü ildə Azərbaycanın Şuşa şəhərində Molla Pənah Vaqifin poeziya günlərində iştirak etmiş və aktyor kimi də Abbas Tufarqanlı obrazını canlandırıb.
Beynəlxalq Müsabiqələr Laureatıdır.
Azərbaycan Aşıqlar Birliyinin üzvüdür.
Azərbayca Dövlət Mədəniyyət və İncəsənət Universitetinin bakalavr və magistr səviyyələrini bitirib. Hazırda Xəzər Universitetində pedaqoji fəaliyyət göstərir.
Bu günə kimi Azərbaycanda 3 solo konsert, Rusiya, Gürcüstan və Türkiyədə 1 solo konserti olmub.
İndi isə "Təbriz-Bakı" qrupu ilə tam yeni tərizdə, daha fərqli ifalarla zövqünüzə oxşayacaqdır.