Bu gün Bakıda Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramında iştirak edən ölkələrin xarici işlər nazirlərinin növbəti 4-cü qeyri-rəsmi görüşü keçirilir.
Publika.az-ın məlumatına görə, görüşün əsas məqsədi Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığın genişləndirilməsi və 2013-cü ilin noyabr ayında keçirilmiş Şərq Tərəfdaşlığı ölkələrinin Vilnüs sammitindən sonra əldə olunmuş nailiyyətlər, gələcək əməkdaşlıq perspektivlərinə dair müzakirələrin aparılmasıdır.
Tədbirdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Belarusun xarici işlər nazirinin müavini Yelena Kupçina, Gürcüstanın Xarici İşlər naziri Maya Pandjikidze, Moldova Baş nazirinin müavini, xarici işlər və Avropa inteqrasiyası naziri Natalia Qerman, Ukrayna xarici işlər nazirinin müavini Yelena Zerkal, Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle və Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibinin müavini Helqa Şmid iştirak edirlər.
Tədbiri giriş sözü ilə açan Elmar Məmmədyarov görüşün əhəmiyyətindən danışıb.
Sonra Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle tədbirdə çıxış edərək Azərbaycanda səfərdə olduğu müddətdə çox vacib görüşlər keçirdiyini, ötən gün Azərbaycanın sənaye və energetika naziri Natiq Әliyevlə görüşü zamanı enerji məsələlərinin müzakirə olunduğunu söyləyib:
"Azərbaycan Avropanın enerji təhlükəsizliyində çox mühüm rol oynayır. Biz bu əmkdaşlığı gələcəkdə də davam etdiymək niyyətindədir".
Hazırda tədbir davam edir.