Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən 1986-cı il təvəllüdlü Mehman Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, Mehman Məmmədov sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 21074” minik markalı avtomobil ilə Gəncə şəhəri, Ə.Rəfibəyli küçəsi ilə Atatürk prospekti istiqamətində hərəkətdə olarkən yol hərəkəti qaydasını pozub.
O, sürət həddini aşması nəticəsində yolun kənarı ilə keçən Hicran Babazadə və onun nəvəsi Füzulini vurub.
Qəza nəticəsində qadın ölüb, azyaşlı oğlana isə tibbi yardım göstərilməsi nəticəsində həyatını xilas etmək mümkün olub. İstintaq araşdırması zamanı Mehman Məmmədov qəzanın törətməsində təqsirli bilinib.
Mehman Məmmədovun barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Mehman Məmmədov bildirib ki, anası Təmahisin adına olan VAZ 21074 markalı avtomaşınla taksi fəaliyyəti göstərib və ailəsini dolandırıb: “Avtomobili idarə etmək üçün sürücülük hüququm olmayıb. Hadisə baş verən günü, saat 15 radələrində idarə etdiyim avtomolillə saatda təxminən 60 km sürətlə hərəkət edən zaman təxminən 50-60 metrdə mənimlə üzbəüz yaşlı bir qadının və təxminən 5-6 yaşlarında bir oğlan uşağının gəldiyini gördüm. Qadın və uşağa təxminən 5 metr qalmış avtomobilin sükanı əlimdə oynadı.
Bu səbəbdən avtomaşını sağ istiqamətə yönəltdim, qadın və uşağı vurdum. Avtomaşın tormozun təsirindən çevirildi və əks istiqamətdə dayandı. Dərhal avtomaşından düşdüm, qadını yerdən qaldırdım. Kömək etmək üçün onu yoldan keçən tanımadığım avtomaşınlardan birinə əyləşdirdim və xəstəxanaya apardım. Orada vurduğum qadına kömək etmələri üçün həkim çağırdım.
Bu vaxt həkimlərdən biri bayıra çıxdı və xəstənin nəbzini yoxladı, öldüyünü dedi. Bundan sonra polis əməkdaşlarına məlumat verdim. Polis əməkdaşları məni hadisə yerinə apardı və hadisə yerini müayinə etdilər”.
Mehman Məmmədov ifadəsinin sonunda törətdiyi əməldən peşman olduğunu bildirib.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Məmmədov 5 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.