Jurnalist özünü hüquq müdafiəçisi kimi qələmə verir
Məhbuslarla bağlı yaradılmış İşçi Qrupuna etiraz olaraq Facebook-da bəyanat yayımlanıb. Bəyanatda diqqət çəkən məqam isə jurnalist Xədicə İsmayılın adının qarşısına “tanınmış hüquq müdafiəçi” yazılmasıdır.
Bəs görəsən o bu statusu nə vaxtdan daşıyır?
“O, beynəlxalq səviyyəli provokatordur”
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət bildirib ki, Xədicə İsmayılı nəinki hüquq müdafiəçisi deyil, artıq jurnalist də adlandırmaq olmaz. Onun sözlərinə görə, bu qadın beynəlxalq səviyyəli provokatordur: “İndi Azərbaycan hakimiyyəti iradə nümayiş etdirir, bəzi insanların azadlığa çıxma şansı yaranıb. Xədicə və onun kimilər isə özlərinə əl qatıblar ki, qoymayın, çörək ağacımız əlimizdən gedir. Bunların hay-küyü yalnız bununla bağlıdır. O və onun kimilər Azərbaycanda daim problemlərin olmasını arzu edirlər. Necə ki, bəzi mollalar oturub kiminsə ölməsini gözləyir, bu da onlar kimi insanların problemlərinin çoxalmasını arzu edir”.
“Hüquq müdafiəçilərinə hörmətsizlikdir”
Politoloq Ramiz Alıyev isə bildirib ki, Azərbaycan hökuməti hər zaman insanların hüquqlarının qorunması ilə bağlı lazımi addımları atıb. Onun sözlərinə görə, sözügedən İşçi Qrupunun yenidən bərpası yaxşı haldır: “Bütün bu kimi məsələlərin gündəmdə olduğu bir vaxtda hansısa kəşfiyyatçını hüquq müdafiəçisi kimi təqdim etmək, İşçi Qrupu haqqında neqativ fikirlər bildirmək onların özlərini ifşa edən bir məsələdir. Xədicə İsmayılı hüquq müdafiəçisi kimi təqdim etmək əsl hüquqşünaslara və hüquq müdafiəçilərinə hörmətsizlikdir. O, hüququn nə olduğunu bilir ki, hələ bir hüquq müdafiəçisi də olsun? Xədicə İsmayıl başqa işlərin peşəkarıdır, yaxşı olar ki, gedib "xidmət" etdiyi ölkədə o işlərlə məşğul olsun”.
“Azərbaycan dövlətinin əleyhinə olan insandır”
İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Niyaməddin Orduxanlı bildirib ki, İşçi Qrupunun fəaliyyətinin bərpası müsbət addımdır. Onun sözlərinə görə, bu o deməkdir ki, ölkə rəhbərliyi bu sahədə olan mövcud problemlərin müsbət həllinin tərəfdarıdır: “Amma digər tərəfdən Xədicə İsmayıl və o tipli adamlar bu məsələnin əleyhinə gedir, vətəndaş cəmiyyətinin təmsilçilərinin problemlərinin qalmasında maraqlıdırlar. O, xarici təşkilatların əlində bir vasitədir. Xədicə İsmayıl “Azadlıq” radiosuna soxulmuş və özünü jurnalist kimi təqdim etmiş və mahiyyət etibarı ilə Azərbaycan dövlətinin əleyhinə olan bir insandır”.
N.Orduxanlı deyib ki, Xədicə İsmayıldan ermənilərin maraqlarına xidmət edən təşkilatlar çox məharətlə istifadə edirlər: “Onun əsas fəaliyyətini Azərbaycanın milli maraqlarına zərbə vurmağa yönəldiblər. Bu baxımdan Xədicə İsmayıl özü maraqlıdır ki, Azərbaycan dövlətinin imici beynəlxalq təşkilatlar arasında pis olsun. Ona görə də o, özünü xüsusi əlahiddə status sahibi hesab edir. Bu mənada o, İşçi Qrupunun fəaliyyəti barədə ağlına və ağzına gələni danışır, təhqiredici məqamlara yol verir. Şəxsən onunla bir masa arxasında oturmağı özümə ayıb bilərəm”.
Təşkilat rəhbəri əlavə edib ki, Xədicə İsmayılın hüquq müdafiəçisi kimi rəsmi statusu yoxdur: “Onun ümumiyyətlə vətəndaş cəmiyyəti ilə bağlılığı yoxdur, təşkilat sədri deyil. Xədicə İsmayıl “Azadlıq” radiosunda jurnalist kimi fəaliyyət göstərir. O, bundan istifadə edərək, qeyri-hökumət təşkilatının təmsilçisi, beynəlxalq təşkilatlarla əməkdaşlıq edən bir şəxs kimi danışır”.
“Onun hüquq müdafiəçisi adlandırılması absurddur”
İnsan Hüquqları XXI əsr - Azərbaycan Fondunun sədri Şahin Camalovun sözlərinə görə, Xədicə İsmayıl heç vaxt hüquq müdafiəçisi olmayıb: “O, nə vaxtdan hüquq müdafiəçisi olub ki, bu gün belə təqdim edirlər? Bu gün bir sıra ölkələrə qul kimi xidmət göstərən insanların böyük əksəriyyəti özünü hüquq müdafiəçisi obrazına salıb. Belə başa düşürəm ki, onlardan biri də məhz Xədicədir. Hüquq müdafiəçisinin səlahiyyətinin nədən ibarət olmasını, hansı işlər görməsini Xədicə İsmayılova bilmir. O, birtərəfli mövqeyi olan, hər şeyi qara görən bir insandır. Bu sahədə çalışan insan yeri gəldikdə dövlətlə əməkdaşlıq etməyi bacarmalıdır, tənqid etməklə yanaşı, yaxşı tərəfləri də deməyi bacarmalıdır. Əgər biz hüquq müdafiəçisindən danışırıqsa, bu parametrlərin heç biri Xədicə İsmayılda yoxdur. Onun hüquq müdafiəçisi adlandırılması absurddur”.
Azad