Noyabrın 22-də, saat 18 radələrində Göyçay rayonu Bəydövil kənd sakini 1983-cü il təvəllüdlü Elvin İsmayılova bıçaqla xəsarətlər yetirilməsi və almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Teleqraf.com-a Göyçay rayon Prokurorluğundan bildirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1974-cü il təvəllüdlü Qılman Mustafayevin kənd ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Elvin İsmayılova bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Qılman Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
***
00:12
Göyçay rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Bəydövül kəndində qeydə alınıb. Kənd sakini, 1974-cü il təvəllüdlü Mustafayev Qılman Maarif oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı həmkəndlisi, 1983-cü il təvəllüdlü İsmayılov Elvin Mübariz oğlunu bıçaqlayıb. Ürək nahiyəsindən iki bıçaq xəsarəti alan Elvin İsmayılov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Məlumata görə, bir neçə gün əvvəl keçirilən toy mərasimi zamanı onların arasında dava olub və bu gün yenidən başlayan mübahisə qətl hadisəsi ilə nəticələnib. Hadisənin dəqiq səbəbi hələ ki, məlum deyil.
Qətli törədən Qılman Mustafayev polis əməkdaşları tərəfindən saxlanılıb.
Elvin İsmayılovun meyiti müayinə üçün Respublika Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Göyçay rayon şöbəsinə aparılıb.
Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.