20 Noyabr 2014 19:58
813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hikmət Hacızadədən söyüşsüz diktatura dərsi

Müsavat Partiyasında qurultayın nəticələrinə narazılıq edənlərin cəzalandırılmasına etiraz olaraq istefa verən Hikmət Hacızadə atdığı addımın səbəblərini sosial şəbəkələrdə açıqlayıb.

Jurnalistlərə “Hər şey bitdi, məndən Müsavat, istefa yox, ABŞ, Çin, Yeni Zenlandiyadan soruşun” cavabını verən H.Hacızadə Facebook-da ardı-arası kəsilməyən sualları cavablandırmalı olub.

“Hikmət Hacızadənin istefa ərizəsini cırıb tullayacağıq”

H.Hacızadə Müsavat başqanı Arif Hacılının qardaşı Mustafa Hacıbəylinin “Hikmət bəy rəsmi ərizə verməyib, versə də əsl diktatorlar kimi cırıb tullayacağıq” sözlərinə cavabında söyləyib ki, xalq arasında doğru-yalan zarafatları gəzsə də, istefa qərarı zarafat deyil.

Hikmət Hacızadə: “İstefamla xalqın məhəbbətini qazandım”

Ona müsavatçılar tərəfindən “İstefa ilə nə qazandınız” sualı da ünvanlanıb. H.Hacızadə isə deyib ki, Müsavatdakı son olaylara etiraz olaraq atdığı addımı ilə xalqın məhəbbətini qazanıb. O əlavə edib ki, qurultaydan sonra kimlərinsə şikayəti var və ona baxılmalıdır: “Şikayət etdilər, heç biri qəbul olunmadı, hamısı rədd edildi. Sonra da narazıları partiyadan çıxarmağa başladılar. İstefa səbəbim də budur”.

Hikmət Hacızadə Müsavat qərargahına çağırıldı

Mustafa Hacıbəyli isə H.Hacızadəni Müsavatın noyabrın 23-də keçiriləcək müşavirəsinə dəvət edərək orada məsələlərə aydınlıq gətirməyi xahiş edib. O, H.Hacızadəyə müraciət edərək qeyd edib ki, qurultayı demokratiya dərsi adlandırsa da, indi kimsə küsməsin deyə dərsin pis olduğunu deyir.

Suallara şeirlə cavab

Sıravi müsavatçının “Hikmət bəy, kimsə Rəsulzadəyə söysə, bunu fikir azadlığı sayarsınız?” sualına siyasətçinin cavabı belə olub: “Mən yox, Avropa Məhkəməsi bunu fikir azadlığı sayır. Dünyada iki variant var. 1. Söyüşlü demokratiya. 2. Söyüşsüz diktatura. İndi Siz özünüz seçin”. H.Hacızadə fikirlərini şeirlə tamamlayıb:

Dostun xahişini dost yerə salmaz,
Həmişə əlində iqtidar olmaz
Bu vəfasız dünyaya bel bağlama çox
Gedər bu gözəlik sənə də qalmaz”.

M.Hacıbəylidən Facebook-da sözügedən müzakirə haqda soruşduq. O, H.Hacızadənin noyabrın 23-nə nəzərdə tutulan partiyanın ümumrespublika müşavirəsinə dəvət olunduğunu təsdiqlədi: “Hikmət bəy hələ “hə” və “yox” cavabı verməyib. Mən Hikmət bəyə təzyiq etməyin tərəfdarı deyiləm. O, dünyagörüşlü adamdır və Müsavat Partiyasını sevən insanlar Hikmət bəyin partiyadan getməsinə təəssüf edirlər. Açığı, o təklifi öz təşəbbüsümlə etmişəm. Düşünürəm ki, bununla da bütün müsavatçıların mövqeyini ifadə etmişəm. Müşavirəyə gəlməsə belə, o fikirdəyəm ki, Hikmət bəy çox uzaq getməyəcək və arzulayırıq ki, o, istefasını rəsmiləşdirməsin”.

Qeyd edək ki, ötən gün Müsavatın keçmiş başqanı İsa Qəmbər 2 aydan artıq davam edən susqunluğun ardından qurultaydan sonra Müsavat Partiyasında başlayan qarşıdurmaya münasibət bildirib. O söyləyib ki, kənardan necə görünməsindən asılı olmayaraq, əslində savaş hakimiyyətlələ Müsavat arasında gedir.

Onun bu fikirləri narazı tərəfin – Qubad İbadoğlu, Vurğun Əyyub, Səxavət Əlisoy, Hikmət Hacızadə, Adil Qeybulla və onların tərəfdarlarının hakimiyyətin sifarişini yerinə yetirdiyi kimi yozulub.

Vurğun Əyyub: “İsa Qəmbər kimlərin yanındadır?

Başqanlığa keçmiş namizəd Qubad İbadoğlunun ən yaxın tərəfdarı Vurğun Əyyub İ.Qəmbərin fikirlərinə sərt reaksiya verib: “Ümumilikdə götürəndə bəli, mübarizə müsavatçılarla hakimiyyət arasında gedir. Sadəcə olaraq, biz müsavatçılar partiyanın demokratik bir şəkildə, nizamnaməyə uyğun idarə edilməsinin tərəfindəyik. Əsas məsələ isə İsa Qəmbərin bu mübarizədə müsavatçıların, yoxsa hakimiyyətin yanında olub, olmamasıdır. İsa Qəmbər bu suala cavab verməlidir ki, kimlərin yanındadır?”

Vurğun Əyyub bildirib ki, digər üzvlərdən fərqli olaraq, o, istefa barəsində düşünmür: “Müsavat Partiyasını yenidən bərpa edən şəxslərdən biriyəm. Eyni zamanda, həyatımın böyük bir hissəsini bu partiyanın qurulmasına həsr etmişəm. Bu baxımdan istefa barəsində qətiyyən düşünmürəm”.

“İqbal Ağazadə ilə bir yerdə otura bilirlər, mənimlə yox”

Narazılardan olan Müsavat Partiyasının üzvü Hüseyn Məlik İ.Qəmbərin ittihamlarına belə cavab verib: “Dağıl, a dünya! İqbal Ağazadə, Əli Əliyev, Əhməd Orucla bir yerdə oturmağa məkum olanlar mənimlə bir yerdə otura bilmir, danışa bilmir. Məni hakimiyyət tərəfində olmağıma işarə edir. Demokratik düşüncəli müsavatçılar seçkinin azad və ədalətli olmadığını dilə gətirdikləri zaman İsa Qəmbərin dostlarına qarşı bir nifrəti kini yarandığı açıq hiss olunmaqdadır. Özünün yanlışlığını nəzərə almayan eks-başqan əsəbi halda yaxın dostlarına qarşı hikkə göstərir. Məncə, çıxış yolu yanlışlıqları etiraf etmək, hikkəni kənara qoymaq, hikkəsiz çıxış yolları aramaq lazımdır. Dostlardan küsmək, mənim istədiyimi istəmədilər deyə onlara hikkə göstərmək növbəti yanlışlıqlarla nəticənələcək”.

Arif Hacılıdan narazılar yeni partiya yaradır?

Bu arada Arif Hacılıdan narazı olanların yeni partiya yaradacağı ilə bağlı informasiyalar da yayılıb. Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy deyib ki, bu istiqamətdə narazı üzvlərlə məsləhətləşmələr gedir. Onun sözlərinə görə, bu həftə sonu müzakirələr yekunlaşacaq və növbəti həftələrdə qərarlarını açıqlayacaqlar: “Müxtəlif təkliflər var və təkliflərə keçid dövrü üçün ictimai birlik, partiya yaratmaq daxildir. Biz fraksiya məsələsini qoyurduq, ancaq bizim Müsavat Partiyasını işğal edən dəstə ilə bir yerdə olmağımız mümkün deyil. Ona görə də növbədənkənar qurultay məsələsini də müzakirə edirik. Bu variantların hər biri müzakirə olunur”.

“Müsavatdan kənar partiya yarada bilməyəcəklər”

M.Hacıbəyli narazıların yeni partiya yaratmaq ideyasına da münasibətini açıqlayıb: “Partiya yaratmaq çətin məsələdir. Biz onlarla kifayət qədər tanınmış ictimai-siyasi xadimin partiya yaratmaq cəhdlərinin şahidi olmuşuq. Amma yaratmaq mümkün olmur. 1-2 ay hansısa yaranan təşkilat ətrafında ümidlər yaranırsa da, bir-iki ay sonra onlar səngiyir. İndiki şəraitdə partiya yaratmaq mümkün deyil. Bir çox tanınmış ictimai-siyasi xadimlər, o cümlədən maddi imkanı və siyasi nüfuzu olan insanlar partiya yaratmaq işinə girişiblər amma bu, onlarda alınmayıb. Ona görə də indiki dövrdə kiminsə partiya yaratmaq istəyinin olacağını istisna etmirəm, amma yarada biləcəyini gözləmirəm”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər