Bakıda polis oğurluq, soyğunçuluq və quldurluq cinayəti törədən şəxslərin tutulması üçün əməliyyat keçirib.
Teleqtraf.com xəbər verir ki, sentyabrın 9-da Yasamal rayonu ərazisində Bakı şəhər sakini İ.Cəfərovun idarə etdiyi “Toyota” markalı avtomobilində pulunun quldurluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
Yasamal rayon Polis İdarəsinin 27-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən Astara rayon sakini, əvvəllər məhkum olunmuş Rafiq Cəlilov müəyyən olunaraq saxlanılıb.
Bundan başqa, Nizami rayon Polis İdarəsinin 24-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 9-da Bakı şəhər sakini E.Maqsudovun içərisində pulu, sənədləri və bank kartları olan cüzdanını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Famil Şahbazov müəyyən olunub. O, həbs edilib.
Daha bir əməliyyat Nizami rayonunda keçirilib. Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində “Saipa” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Salyan rayon sakini Vahid Tağıyev müəyyən olunaraq saxlanılıb.
Binəqədi rayon Polis İdarəsinin 4-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisində köşklərin birindən 150 manat pul, 2000 manat dəyərində tütün məmulatı, bir evdən isə 2250 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini Nurlan İsmayılov müəyyən olunaraq saxlanılıb.
Araşdırmalarla onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da məlum olub.