Goranboyda quldurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib.
Oktyabrın 10-da gecə saatlarında Goranboy rayon polis şöbəsinə rayonun Qızılhacılı qəsəbə sakininə məxsus fərdi yaşayış evinə 2 nəfər maskalı şəxslərin qeyri-qanuni yolla daxil olması, əllərindəki bıçaqla ev sahibi və onun həyat yoldaşını ölümlə hədələyib onlara müxtəlif bədən xəsarətləri yetirən və hadisə yerindən 2000 manat, 5380 ABŞ dolları və 5 adda müxtəlif qızıl-zinət əşyalır ələ keçirmələri barədə məlumat daxil olub.
Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Goranboy sakinləri, 1999-cu il təvəllüdlü Ümid Məmmədov və 1997-ci il təvəllüdlü Samir Hüseynov saxlanılıb.
Şübhəli şəxslər saxlanılan zaman cinayətdə istifadə olunan 1 ədəd bıçaq və quldurluq yolu ilə ələ keçirilmiş pul və qızıl əşyaları maddi sübut kimi götürülüb.
Faktla bağlı Goranboy rayon polis şöbəsində cinayət işi başlanıb.
Araşdırmalar davam etdirilir.