9 Aprel 2015 18:12
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclis sədrinin müavini Valeh Ələsgərov Slovakiya Milli Şurasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Madey Robertin başçılıq etdiyi nümayəndə heyətinin üzvləri ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüş zamanı Valeh Ələsgərov dünya və region üçün aktual olan təhlükəsizlik məsələlərinə toxunub. O, bir sıra nüfuzlu beynəlxalq təşkilatların bəzi ölkələrin ərazi bütövlüyü məsələsi ilə bağlı konkret fəaliyyətsizlik nümayiş etdirdiklərini, bunun nəticəsi olaraq dünyada münaqişələrin durmadan artdığını vurğuladı. Vitse-spiker Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsindəki mövcud durum barədə məlumat verib. Sonra Valeh Ələsgərov qeyd edib ki, Avropa ölkələri Azərbaycanla iqtisadi sahədə əməkdaşlığın dərinləşməsində maraqlıdır.

Ölkəmizə enerji resursları sahəsində sərmayə qoyulmasının daha çox maraq kəsb etdiyini deyən parlament sədrinin müavini Azərbaycanın neft-qaz ixrac edən ölkə kimi nüfuzundan söz açdı. O, TAP, TANAP kimi irihəcmli layihələrin icrasına başlanıldığını xatırlatdı. Valeh Ələsgərov Azərbaycanın ilk dəfə olaraq Birinci Avropa oyunlarına ev sahibliyi edəcəyinə bəzi qurumların qısqanclıqla yanaşdığını dedi, Slovakiyanın bu oyunlarda fəal iştirak edəcəyinə əmin olduğunu söylədi.

Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Madey Robert qonaqpərvərlik və səmimi söhbət üçün minnətdarlığını bildirdi. Slovakiyanın Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu, hər iki ölkənin parlamentləri arasında əlaqələrin daha da genişləndirilməsinin günün tələbi olduğunu vurğuladı. Qonaq bununla Azərbaycana ikinci dəfə səfər etdiyini və aparılan danışıqlardan razı qaldığını dedi. Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllini tapacağına ümidvar olduğunu bildirdi.

Qeyd edək ki, dünən Milli Məclisdə Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri də Slovakiya Milli Şurasının Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb. Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Şəmsəddin Hacıyev ölkələrimiz arasında mövcud olan tarixi əlaqələrdən danışıb, Azərbaycanın siyasi, iqtisadi, sosial sahələrdəki nailiyyətlərindən bəhs edib. Slovakiya Milli Şurasının nümayəndə heyəti ilə görüşdə deputatlar Sədaqət Vəliyeva, Bəxtiyar Əliyev, Azərbaycanın Avstriyadakı fövqəladə və səlahiyyətli səfiri Qalib İsrafilov, digər rəsmi şəxslər iştirak edib.

Nemət


Müəllif:

Oxşar xəbərlər