14 Aprel 2015 17:51
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azər Badamov: “İqtisadi dayanıqlılığımız digər sahələrdəki uğurlarımızın açarıdır”

“Ölkə prezidenti cənab İlham Əliyevin yürütdüyü iqtisadi siyasət ölkəmizin uğurlarının əsas təməl prinsiplərini təşkil edir. Dünyanın, o cümlədən, inkişaf etmiş ölkələrin böyük iqtisadi böhranlar yaşadığı, iqtisadi maliyyə çətinlikləri ilə üzləşdiyi bir dövrdə Azərbaycanın qeyd edilən nəticələrə imza atması olduqca sevindirici haldır. Bu isə ölkəmizin uğurlarına sevinməyən, dövlət maraqlarımıza qarşı düşmən münasibət sərgiləyən bir sıra bədxahlara verilmiş ən yaxşı cavabdır”.

Teleqraf.com-un məlumatına görə, bu fikirləri Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Azər Badamov deyib.

A.Badamov bildirib ki, ölkəmizdə qeyri-neft sektorunun 7 faiz artımı gələcək illərdə iqtisadi uğurlarımızın miqyasını daha da böyüdə bilər. Son illərdə Azərbaycanda turizm sektorunun, o cümlədən, digər qeyri-neft sektorlarının inkişafı ilə bağlı atılan addımların qısa zamanda müsbət nəticələr verdiyini xatırladan millət vəkili qeyd edib ki, bu, ölkəmizin gələcək dövrlərə hesablanan inkişaf strategiyasının tərkib hissəsidır.

“Prezident İlham Əliyevin də vurğuladığı kimi neftin dünya bazarında kəskin ucuzlaşması belə ölkəmizin ümumi iqtisadi inkişafına təsir göstərməyib. Bu isə o deməkdir ki, Azərbaycan dövləti illərdir apardığı şaxələndirilmiş iqtisadi siyasətinin bəhrəsini görür. Əminəm ki, gələcək illərdə də bu inkişaf tendensiyası müsbət şəkildə davam edəcək. İqtisadi dayanıqlılığımız həm də digər sahələrdəki uğurlarımızın açarıdır. Artıq Azərbaycan dünyada mühüm iqtisadi tərəfdaş kimi qəbul edilir. Bunun arxasında isə əsası ulu öndəri Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün müasir dövrün tələblərinə uyğun şəkildə davam etdirilən iqtisadi siyasətimiz dayanır”, – deyə komitə üzvü vurğulayıb.

Səxavət


Müəllif: