30 Sentyabr 2015 11:02
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qabil Hüseynli: "Xalqlara yalnız Amerikanın istədiyi inkişaf yolunu seçdirməyin özü də zorakılıq siyasətidir"

ABŞ prezidenti Barak Obama iki illik fasilədən sonra yenidən BMT Baş Assambleyasının tribunasında göründü. Sentyabrın 28-də BMT Baş Assambleyasının 70-ci sessiyasında çıxış edən Barak Obamanın nitqi gözlənildiyi kimi, 2013-cü ildəki çıxışdan az fərqləndi. Bu dəfə də o, ölkəsinin dünyada sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində həyata keçirdiyi "uğurlu" siyasətdən danışdı. Bütöv ölkələrin xarabalığa çevrilməsi, minlərlə insanın ölümü, milyonların qaçqın vəziyyətinə düşməsi isə "antidemokratik rejimlərin" və terrorçuların ayağına yazıldı.

Qeyd edək ki, ABŞ prezidentinin nitqi rəsmi dövlət qəzeti "Azərbaycan"ın da diqqətini çəkib. Qəzetdə dərc olunmuş "Xeyr, bunlar ABŞ-ın müsəlman dünyasına qarşı qəddar siyasəti haqqında həqiqətlərdir" başlıqlı xüsusi məqalədə deyilir: "Elə həmin 2013-cü ildə BMT Baş Assambleyasında bir saata yaxın çıxışının başlanğıcında cənab Obama prezidentliyi dövründə "dünyada müharibələrin qarşısının alınması üçün" gördüyü işlərdən danışaraq, İraqdan qoşunların çıxarıldığını və Əfqanıstandan çıxarılmağa başlandığını, müxtəlif ölkələrdə hərbi hissələrin saxlanması, kəşfiyyat və digər məsələlərlə bağlı strategiyanın nəzərdən keçirildiyini bəyan etdi. Onun sözlərinə görə, "ABŞ-ın öz müttəfiqləri ilə həyata keçirdiyi tədbirlər nəticəsində dünya beş il əvvəlkindən daha sabit vəziyyətə gəlib".

Lakin o, bunun ardınca Əl-Qaidə təhlükəsinin qaldığını, terrorizmin Afrika qitəsi və Yaxın Şərqdə Amerikanın və Qərbin "sülh" planlarına ciddi təhdid olduğunu dedi. Sonrakı hadisələr göstərdi ki, əslində, ABŞ prezidenti bununla həmin ərazilərdə ölkəsinin yeni hərbi missiyasının anonsunu verirdi.

Əgər Obama həqiqəti bilmək istəyirsə, bütün dünyanın onun administrasiyası haqqında nə düşündüyünü eşitməli, Vaşinqtonun öz təsiri altına sala bilmədiyi həqiqi müstəqil medianın yazdığını və nümayiş etdirdiyini oxumalı və görməlidir. Bütün sosial şəbəkələr Amerikanın hazırda yürütdüyü siyasətə nifrət püskürür. İraq, Suriya, Liviya, Əfqanıstan, Yəmən xarabalığa çevrilib. Bu ölkələrdə şəhərlər, kəndlər dağıdılıb, insanlar ölüm təhdidi və səfalətdən baş götürüb Avropaya pənah aparırlar. Orada da onları yeni təhdidlər - irqi və dini ayrı-seçkilik gözləyir. Artıq Avropanın özündə də belə düşünürlər ki, bu gün "qoca qitə" ABŞ-ın təcavüzkar və dağıdıcı siyasətinin acılarını yaşayır. Amerikanın özündə ksenofob meyillərə qarşı etiraz edən qaradərili əhali repressiyalara məruz qalır və əzilir. Əsl həqiqətləri dilə gətirənlər isə Edvard Snouden və Culian Assanc kimi dövlətin düşməni elan edilir, onlar ən yaxşı halda başqa ölkələrdə sığınacaq tapır, bəxtləri gətirməyənlər isə Bredli Menninq kimi cəzalandırılırlar. Məhz Menninqə görə dünya ictimaiyyəti Amerikanın işğal etdiyi ölkələrdə əhaliyə necə divan tutulduğundan xəbərdar oldu. O, 2007-ci ildə İraqda ABŞ-ın "Apache" hərbi helikopterinin dinc əhalini necə güllələdiyi barədə məxfiləşdirilmiş videosüjeti internetə yerləşdirmişdi. ABŞ hakimiyyəti geniş rezonansa səbəb olan bu materialı əsaslı şəkildə araşdıracağını vəd etdi. Ancaq nəticədə ABŞ Milli Təhlükəsizliyi Agentliyinin qərargahında Menninqin üzərində qapalı məhkəmə keçirildi və o, 35 il müddətinə azadlıqdan məhrum olundu. Dinc sakinləri, o cümlədən azyaşlı uşaqları və Reuters agentliyinin iki jurnalistini güllələyən hərbçilər barədə isə heç bir tədbir görülmədi. Bu da amerikasayağı "ədalətin" bir nümunəsidir".

"Cənab Obama, Sizə daha çox məlumat lazımdır?"

Məqalədə daha sonra qeyd olunur: "Cənab Obama, Sizə daha çox məlumat lazımdır? Sizin ölkəniz bütün dünyanı nəzarətdə saxlamaq və müstəqil dövlətləri təhdid etmək üçün geniş QHT və media şəbəkəsi yaradıb. Müxtəlif ölkələrin daxilində formalaşdırılan "beşinci kolon" ABŞ-ın maraqlarını həyata keçirir, bu alınmayanda isə ondan sabitliyin pozulması, dövlət çevrilişləri ssenarilərinin reallaşdırılması üçün istifadə olunur. Həmin antimilli qüvvələrin ifşa olunması, onlara qarşı hər hansı tədbirin görülməsi dərhal məlum QHT və media şəbəkəsi tərəfindən "vətəndaş cəmiyyətinə hücum" kimi qələmə verilir. Bunun ardınca aparıcı beynəlxalq təşkilatlar, onların ayrı-ayrı strukturları, xüsusilə də insan hüquq və azadlıqları məsələləri ilə məşğul olan bölmələri Vaşinqtondan gələn sifarişlər əsasında fəaliyyətə başlayırlar. Vaxtilə qapalı şəkildə həyata keçirilən ikili standartlar siyasəti tam ifşa olunduqdan sonra, bu qüvvələr artıq öz fəaliyyətlərinə bəraət qazandırmağı belə artıq hesab edirlər. Məsələn, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları bürosu Amerikanın hədəfində olan ölkələrdə demokratik seçkilərə mənfi qiymət verir, lakin Vaşinqtonun loyal münasibət bəslədiyi dövlətlərdə ən biabırçı seçkiləri belə "obyektivlik", "şəffaflıq" və "demokratik standartlara uyğunluq" terminləri ilə bəzəyir. Avropa Parlamentində ABŞ-ın maraqlarına xidmət edən məlum qrupun təşəbbüsü ilə ərsəyə gələn qətnamələr təzyiq və təhdid siyasətinin bir elementidir. Belə kağız parçaları heç bir təsir mexanizminə malik deyil, yalnız ürək bulandırır və son nəticədə isə Avropa İttifaqı ilə digər ölkələr arasında münasibətlərin korlanmasına xidmət edir".

Obamanın çıxışı "beşinci kolon"u ruhlandırıb

Qeyd edək ki, B.Obamanın çıxışı Azərbaycandakı "beşinci kolon" təmsilçilərinin sevincinə səbəb olub. Məsələn, "Respublikaçı Alternativ" Hərəkatının rəhbərliyində təmsil olunan Altay Göyüşov Obamanın çıxışından ruhlanaraq Facebook-da yazıb: "Con Kennedi: "Dinc inqilabları qeyri-mümkün edənlər qanlı inqilabları qaçılmaz edirlər". Barak Obama: "Son iki onilliyin tarixi göstərir ki, bugünkü dünyada diktaturalar stabillik təmin edə bilmir. Bu günün avtoritarı sabahkı inqilabın qığılcımıdır".

Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər də sevinənlər arasında olub. O, Obamanın çıxışından hissələri sosial şəbəkədə paylaşıb.

"Barak Obamanın verdiyi vədlər Yaxın Şərqin timsalında sınaqdan çıxmır"

Lakin Obamanın çıxışları təkcə bu cür şərh olunmur. Politoloq Qabil Hüseynli bildirib ki, Obama öz çıxışında müasir sivilizasiyanın fundamental dəyərlərinə toxunur və bu zaman orijinallığı ilə diqqət çəkən müəyyən fikirlər irəli sürür. Ancaq Q.Hüseynli deyir ki, diqqət yetirdikdə Amerikanın bu siyasətə heç də həmişə ardıcıl surətdə riayət etmədiyinin şahidi oluruq: "Məsələn, dünyada sülhün bərqərar edilməsi istiqamətində Barak Obamanın verdiyi vədlər Yaxın Şərqin timsalında praktikanın sınağından çıxmır. Amerikanın "Yaxın Şərq layihəsi" deyilən bir layihə hələ Obamayaqədərki dövrdə qəbul edilmiş layihə həyata keçirildikdən sonra Yaxın Şərqin milli dövlətçilik ənənələri tamamilə sıradan çıxdı və bu bölgə qarşıdurmalar, terrorizmin at oynatması və xaos meydanına çevrildi. Bu gün də Yaxın Şərq bütün dünyanın qanı axan yarası kimi məşhurdur, bu gün də orada silahlar susmur və yenə də Amerika bu ölkələrə müdaxiləyə hazırlaşır. Amma meydana çıxan qaçqın axını ilk növbədə Avropa ölkələri üçün ciddi problem yaratmaqdadır. Amerikanın özü okeanın o tayında olduğundan bu qaçqın axınının cüzi bir axınını qəbul etmək niyyətində olduğunu bildirsə də, hələ ki, bunu həyata keçirmir. Eyni zamanda, Qərbin inkişaf etmiş ölkələri də miqrantlara qarşı çox soyuq davranırlar və onları min bir zillətə düçar edirlər".

Müsahibimiz qeyd edib ki, ABŞ özünü demokratiyanın beşiyi elan edir: "Amma Obamanın özünün də qeyd etdiyi kimi özünəməxsusluğu ilə zəngin olan bu dünyada demokratiyanın zorla ixrac edilməsi çox ciddi konfliktlər və hələ ictimai inkişafın bəlli bir pilləsində yerləşən ərəb ölkələrində ciddi qarşıdurmalarla müşayiət edilir. Ən ciddi problemlər isə Suriya ətrafında getməkdədir. Gələcəkdə Suriyada müharibə alovunun daha da yüksələcəyi gündəmdədir".

Q.Hüseynli bildirib ki, Obama və Amerikanın digər siyasətçiləri insan hüquqlarından danışmağı çox sevirlər, insan hüquqlarının guya müəyyən avtoritar rejimlərdə pozulduğunu iddia edirlər: "Amma hər bir xalqın özünün bəlli bir inkişaf yolu var. Bunu öz çıxışında Barak Obama da etiraf edir. Amma zorla xalqlara demokratik dəyərlər adı altında yalnız Amerikanın istədiyi inkişaf yolunu seçdirməyin özü də zorakılıq siyasəti kimi dəyərləndirilə bilər və bunun həyata keçirilməsi, əlbəttə ki, mümkünsüzdür. Əlbəttə, avtoritar rejimlərdən danışarkən Azərbaycanın adı çəkilə bilməz. Çünki Azərbaycanda demokratik ənənələrin bir çox nümunələri öz intişarını tapıb. Ölkəmizdə çoxpartiyalı sistem fəaliyyət göstərir, fikir azadlığına, insan haqlarına lazımi diqqət yetirilir və bu gün müstəqil qəzetlər, iqtidarı tənqidə edən müxalifət partiyaları və sair günümüzün real gerçəklikləridir. Ona görə də Azərbaycan Obamanın bu tənqidindən əsla çəkinmir və özündə hər hansı diskomfort hiss etmir. Amma sadəcə olaraq, Amerikanın bu məsələ ətrafında belə geniş təbliğat kampaniyası aparması və BMT-nin kürsüsündən də bu gün dünyanı hədələyən bir sıra qlobal problemlərdən danışmaq əvəzinə, insanlara necə yaşamaq, necə həyat tərzi sürmək kimi məsələləri öyrətməyə çalışmaq məntiqi görünmür".

Səxavət HƏMİD


Müəllif:

Oxşar xəbərlər