7 Noyabr 2015 11:31
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gülağa Aslanlı: "Biz Müsavat olaraq buna hazırıq"

Müxalifət düşərgəsində təmsil olunan siyasi qüvvələr yeni müttəfiq axtarışındadır. Artıq seçkilər bitib, seçki blokları da fəaliyyətini başa vurub. Müşahidələr göstərir ki, hazırda bir araya gələ biləcək ən real təsisatlar ADP və Müsavat Partiyasıdır.

Çünki ADP Ümid Partiyası ilə müttəfiqliyinə son verib. Müsavat isə istəsə də, AXCP onunla müttəfiqliyi rədd edir, bu partiyanın müxalifətdə olmadığını ifadə edir. Müsavatın REAL və NİDA Hərəkatı ilə əməkdaşlığı da effektiv görünmür. Çünki NİDA dağılmaq üzrədir, REAL isə böyük iddialarda olsa belə, ətrafında 50 nəfərdən çox adam yoxdur.

Əldə etdiyimiz məlumata görə, ADP sədri ilə Müsavat rəhbərliyi arasında əməkdaşlıqla bağlı müzakirələr aparılıb, lakin tərəflər konkret razılığa gəlməyib.

Bu haqda danışan ADP sədri Sərdar Cəlaloğlu deyib ki, onlar faktiki olaraq Ümid Partiyası ilə əməkdaşlığa son verib. Bildirib ki, Müsavat Partiyası ilə əməkdaşlıq məsələsi gündəmə gələ bilər: "Əgər Müsavatda əməkdaşlıqla bağlı maraq yaranarsa, bu məsələni müzakirə etmək olar. Məncə, əməkdaşlıq etmək mümkündür. ADP buna hazırdır. Açığı, özüm bir-iki dəfə Müsavat liderlərinin ağzını aramışam. Amma bilirəm ki, hələlik Müsavat buna hazır deyil".

S.Cəlaloğlu qeyd edib ki, bu ilin yayında yaratdıqları Demokratiya və İnsan Hüquqları Mərkəzi tipli formatda bir neçə partiya ilə əməkdaşlıq etməsi ADP-nin maraqlarına uyğun deyil: "Orada bir neçə partiya təmsil olunurdu. Şəxsən mən bu formatda təmsil olunmaq istəmərəm. ADP indiki münasibətlər sistemində yalnız Müsavatla sıx əməkdaşlıq edə bilər. Qalan partiyalarla belə əməkdaşlığın alınmasına inanmıram. Biz Müsavatla eyni hərəkatdan çıxmışıq, eyni ideologiyanı bölüşürük, funksionerlərimiz arasında gözəl münasibətlər var. Eyni zamanda, Müsavatla uzunmüddətli əməkdaşlıq təcrübəmiz olub. Yəni çoxlu əsaslar gətirmək olar. Amma bu mövzu ətrafında Müsavat rəhbəri ilə ayaq üstə nəbz yoxlaması etmişəm. Gəldiyim qənaət budur ki, Müsavat hələlik öz işləri ilə məşğuldur. Bundan sonra Müsavatla yeni əməkdaşlıq məsələsini qaldıra da bilərəm. Kontaktlarımdan aldığım təəssürat belədir ki, Müsavatda bizimlə əməkdaşlığa dair meyil yoxdur. Ola bilsin ki, indiki dönəmdə onların da əməkdaşlığa ehtiyacı var. Amma nəzərə almaq lazımdır ki, insanlar hər zaman öz xeyirlərini düzgün dəyərləndirə bilmirlər".

Müsavat Partiyasının icra aparatının rəhbəri Gülağa Aslanlı qeyd edib ki, partiyanın illik təqvim-fəaliyyət planı var: "Təqvim planına uyğun olaraq noyabr-dekabr aylarında hansı işlər varsa, görəcəyik. Sonra yeni il üçün yeni fəaliyyət proqramı qəbul edəcəyik və buna uyğun fəaliyyətimizi quracağıq".

Müsavatın yeni müttəfiqləri mövzusunda danışan G.Aslanlı deyib ki, siyasətdə "yox" sözünün işlədilməsi doğru deyil. Onun sözlərinə görə, hər bir situasiyaya uyğun olaraq konfiqurasiya ortaya çıxa bilər: "Müsavat Partiyası bütün siyasi qüvvələrlə funksional əməkdaşlığa hazır olduğunu bəyan edib. Bu istiqamətdə partiyamızın fəaliyyəti davam edəcək. Konkret Sərdar Cəlaloğlunun açıqlamalarına gəlincə, biz indiyə qədər ADP sədrindən təklif almamışıq. Yəni partiyamıza rəsmən belə bir təklif edilməyib. Əgər daxil olarsa, Müsavat Partiyası bu təklifi müzakirə edib qərarını verəcək. Müsavat Azərbaycanda fəaliyyət göstərən, partiyamızla funksional asılılıq istəyən təşkilatla buna gedə bilər. Konkret olaraq funksional əməkdaşlıq ola bilər. Lakin birinci bu məsələ müzakirə olunmalı, sonra qərar qəbul edilməlidir. Amma burada söhbət Azərbaycanın vacib məsələləri ilə funksional əməkdaşlıqdan gedir. Biz Müsavat olaraq buna hazırıq".

CAVİDAN


Müəllif: