20 Yanvar 2016 16:40
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mətbuat orqanları ilə qeyri-hökumət təşkilatlarının (QHT) hökumətin fəaliyyətinə ictimai nəzarəti təşkil etməsi üçün koalisiya yaratması təklifi hər iki sektor tərəfindən dəstəklənir.

Media təmsilçiləri qəzetimizə açıqlamasında Mətbuat Şurası və QHT-lərin daxil olduğu Vətəndaş Cəmiyyəti Alyansının yaradılması təklifini müsbət qarşıladıqlarını bildiriblər.

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin sözlərinə görə, QHT-lərlə medianın birgə əməkdaşlığı artıq öz bəhrəsini verib və doğruldub: “Bakının ev sahibliyi etdiyi I Avropa Oyunları zamanı Azərbaycan mətbuatının və vətəndaş cəmiyyəti sektorunun birgə fəaliyyəti nəticəsində ölkəmizə qarşı kampaniyalara kifayət qədər tutarlı cavab verilmişdi və bu əməkdaşlığın davamlı olması o zaman qərara alınmışdı. Belə bir koalisiyanın yenidən fəaliyyətini davam etdirməsi və cənab Prezidentin müvafiq göstərişlərinə uyğun olaraq addımlar atması məqsədəuyğun olardı”.

Onun fikrincə, belə bir alyans, eyni zamanda, Azərbaycanın yeni mərhələyə qədəm qoyduğu dövrdə bir sıra problemlərin araşdırılması və ortaya çıxarılmasına, şəffaflığın təminatına yardım göstərəcək: “Bunu kifayət qədər əhəmiyyətli addım hesab edirəm. Düşünürəm ki, ictimai nəzarətin həyata keçirilməsinə ehtiyac var”.

“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev hesab edir ki, dövlətin həyata keçirdiyi proqramların rentabelliliyinin, şəffaflığının təmin olunması üçün ictimai nəzarətin olması çox vacibdir: “Ölkədə tam yeni bir situasiya yaranıb, neft gəlirlərinin kəskin azalması yeni şərait formalaşdırıb. Bu şəraitdə hökumət yeni iqtisadi siyasətini elan edib. Yeni siyasətin reallaşdırılması təbii ki, müəyyən çətinliklərlə müşahidə olunur. Çünki hər bir yeni işə başlamaq çox çətindir. Yeni siyasətin gerçəkləşdirilməsində hökumətə ictimaiyyətin də dəstəyi lazımdır. Həm vətəndaş cəmiyyəti nümayəndələrinin, həm də medianın köməyinə böyük ehtiyac var. Hökumətin son toplantılarından birində cənab Prezident bunu xüsusi olaraq vurğuladı, ictimai nəzarətin olmasının vacibliyini qeyd etdi, medianın dəstəyinə bel bağladığını bildirdi. İctimai sektor təmsilçilərinin, media nümayəndələrinin bu çağırışa dəstəyini alqışlayıram”.

Onun fikrincə, bu istiqamətdə ən müxtəlif variantlarda addımlar atıla bilər: “Müzakirə zamanı hansı variant işləkdirsə, o da qəbul olunmalıdır. Hansı modelin seçiləcəyi böyük önəm kəsb etmir, əsas odur ki, QHT sektorunun təmsilçiləri və media nümayəndələri bu işə can yandırır və öz iradələrini ortaya qoyurlar. Məqsəd isə birmənalıdır, görüləcək işlərin, atılacaq addımların, bu istiqamətdə meydana çıxacaq problemlərin öncədən görülməsi, daha aydın üzə çıxması üçün ictimai nəzarət vacibdir. Hesab edirəm ki, dövlət orqanları da bu təşəbbüsləri çox yaxşı qarşılamalıdır, çünki bu, Prezidentin çağırışıdır, ictimai sektor da bu çağırışa səs verib. Dövlət orqanları da bu səsi eşitməli, bu istiqamətdə tezliklə addımlar atılmalıdır”.

Nərgiz


Müəllif: