Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf ərazilərindəki münaqişənin, Gürcüstanın Abxaziya və Tsxinvali/Cənubi Osetiya regionundakı münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında, eləcə də BMT, ATƏT və Avropa Şurasının müvafiq qətnamə və qərarlarına müvafiq olaraq tez bir müddətdə sülh yolu ilə nizamlanması əlahiddə vacibdir”.
Azərbaycan XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, bu barədə Gürcüstan, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin Tiflis görüşünün sonunda qəbul olunan yekun Bəyannamədə deyilir. Sənəddə bildirilir ki, regionda mövcud olan münaqişələr sülh, sabitlik və iqtisadi inkişafa mane olur və beynəlxalq hüququn prinsiplərinə müvafiq olaraq, dövlətlərin suverenliyi, ərazi bütövlüyü prinsipləri əsasında dinc yolla həll olunmalıdır.
Bəyannamədə üçtərəfli formatda müntəzəm görüşlərin keçirilməsindən məmnunluq ifadə edilir. Nazirlər üç ölkə arasında yüksək səviyyəli ikitərəfli və üçtərəfli əlaqələri alqışlayaraq strateji tərəfdaşlıq və siyasi dialoqun, eləcə də regional layihələrin həyata keçirməsində strateji əməkdaşlığın dərinləşdirilməsinə dair əzmlərini bir daha vurğulayıblar.
Sənəddə 17-18 fevral 2016-cı il tarixlərində müvafiq olaraq Ankara və Diyarbəkrdə törədilmiş, mülki əhali və hərbi qulluqçuları hədəfə almış, 35-dən çox insanın ölümü, çoxsaylı insanın yaralanması ilə nəticələnmiş dəhşətli terror hücumları ən ağır sözlərlə qınanıb və bir daha terrorizmin əsl mahiyyəti ifşa olunub: “Azərbaycan və Gürcüstan xarici işlər nazirləri Türkiyə ilə sarsılmaz həmrəyliklərini bir daha təsdiqləyir, türk xalqına dərin başsağlığı verir və terror hədəsi ilə mübarizədə Türkiyə ilə möhkəm tərəfdaşlıqlarını bir daha qeyd edirlər”.
Nazirlər Cənub Qaz Dəhlizinin inkişaf etdirilməsi, Xəzər hövzəsindən Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Qərb bazarlarına karbohidrogen ehtiyatlarının nəqlini nəzərdə tutan digər layihələrə tam dəstəklərini ifadə edib və cəlb olunan bütün ölkələrin enerji təhlükəsizliyinin gücləndirilməsində bu layihələrin həlledici rolunu vurğulayıblar.
Bəyannamədə nəqliyyat, enerji, ticarət sahələrində və “İpək Yolu” marşrutu üzrə insanlararası əlaqələrin yaradılmasında əməkdaşlığı daha da gücləndirəcək tarixi “İpək Yolu”nun bərpa olunmasında üç ölkənin xüsusi rolu qeyd olunub. Nazirlər Asiya və Avropa arasında rəqabətli nəqliyyat daşımalarının asanlaşdırılmasında Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətli roluna diqqət çəkiblər, 2015-ci ildə dəmir yolunun Gürcüstan hissəsinin uğurlu sınağını məmnunluqla qeyd ediblər və Bakı-Tbilisi-Qars dəmir yolunun ən qısa müddətdə fəaliyyətə başlamasının böyük əhəmiyyətini bir daha ifadə ediblər. Bu xüsusda, 12 fevral 2016-cı il tarixində keçirilmiş Bakı-Tbilisi-Qars dəmir yolu Əlaqələndirmə Şurasının üçtərəfli nazirlər görüşündəki məhsuldar məsləhətləşmələr alqışlanıb.
Nazirlər 2013-2015-ci illər üçün nəzərdə tutulmuş Üçtərəfli Sahəvi Əməkdaşlıq üzrə Fəaliyyət Planı çərçivəsində üçtərəfli layihələrin həyata keçirilməsini qiymətləndiriblər və turizm, enerji, kənd təsərrüfatı, ətraf mühitin mühafizəsi, humanitar, gənclər və idman sahələrində sahəvi əməkdaşlığın mövcud potensialından tam istifadənin vacibliyini qeyd ediblər.