Parlamentin bugünkü iclasında Füzuli bölgəsinə səfər edən vitse-spiker Bahar Muradova vəziyyət barədə danışıb.
Teleqraf.com xəbər verir ki, Bahar Muradov bildirib ki, şəhidlərin dəfnində iştirak edib, yerli əhali ilə görüşüb:
“İndiki vəziyyət 90-cı illərdən fərqlidir. Azərbaycan insanı, təmas xəttində yaşayan əhali başqa əhval ruhiyyədədir. Bu, qələbə, döyüş əhvalıdır. Şəhid anaları qürur duyur, övladlarının bu hərəkətlərini davam etdirmək istəyirlər.
Təmas xəttinə ən yaxın ərazidə yerləşən kəndlərdən belə heç kim tərpənməyib. Hamı gündəlik fəaliyyətindədir. Və Ermənistan ordusunun sonuncu əsgərinin Azərbaycan ərazilərindən çıxmasını istəyirlər”.
Vitse-spiker daha sonra qeyd edib ki, təmas xəttində olan əhali ondan bəzi istiqamətlər üzrə xahişlər də edib:
“Xüsusilə, döyüş əməliyyatı və onların nəticələri barədə qeyri-rəsmi məlumatlar verilməməlidir. Eyni zamanda sosial şəbəkələrdə paylaşımlara diqqət olunmalıdır. Çünki bəzən rəylərin verilməsi onları daha çox narahat edir. Vaxtından əvvəl informasiyaların yayılması həm əhalini, həm də müdafiə qurumlarını narahat edir”.
Bahar Muradova qeyd edib ki, artıq ATƏT Parlament Assambleyasına xüsusi məktubla müraciət edib: “Eləcə də ATƏT-in Cənubi Qafqaz üzrə nümayəndəsinə xüsusi məktub hazırlanır. Hesab edirəm ki, onlar da AŞ PA sədri kimi bəyanat verməlidir. Sonuncu Ermənistan əsgəri ərazidən çıxana qədər sülh danışıqları olmamalıdır. BMT qətnaməsinə uyğun olaraq beynəlxalq təşkilatlar Ermənistan ordusunun ərazilərdən çıxmasını təmin etməlidir. Cəbhə bölgəsində yaşayan insanlar bunu istəyir”.
Nemət