İsveçdə fəaliyyət göstərən “Azərbaycan naminə” Cəmiyyətinin sədri Nadir Xankişiyev Hollenbrand Riksdaqda İsveçin Moderat Partiyasının deputatı Joran Pettersonla görüş keçirib. Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə son günlər Ermənistan ordusunun təxribatları ilə bağlı məlumat verilib.
Söhbət zamanı N.Hollenbrand Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş verən hadisələr, ermənilərin atəşkəs rejimini pozaraq yaşayış məntəqələrini atəşə tutması ilə bağlı həqiqətləri diqqətə çatdırıb. Cəmiyyət sədri deputata Azərbaycanın haqlı olaraq torpaqlarını 24 illik əsarətdən xilas etmək istəyinin beynəlxalq hüquqa əsaslandığını bildirib. Bildirilib ki, Azərbaycan sülhsevər ölkədir, ölkəmiz bu münaqişəni sülh yolu ilə həll etməyə, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin, digər beynəlxalq təşkilatların sənədlərinin yerinə yetirilməsinə çalışır.
Söhbət zamanı qeyd olunub ki, Azərbaycan Silahlı Qüvvələrinin atdığı addımlar özünün beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi daşıyır.
Görüşün sonunda J.Pettersona münaqişə ilə bağlı yazılı sənəd təqdim edilib. Rəsmi sənəd İsveçin Xarici İşlər Nazirliyi və Stokholmda yerləşən Avropa Evinə göndərilib.
Səxavət