Ağ Evin rəsmi saytında yerləşdirilən “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması Naminə” petisiyasını imzalayanların sayı 100 mini ötüb.
Teleqraf.com-un məlumatına görə, aprelin 6-da Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Barak Obama administrasiyasına ünvanladığı petisiya qısa zamanda böyük diqqət çəkib.
AVCİYA-nın vitse-prezidenti Elçin Salmanov Teleqraf.com-a açıqlamasında bildirib ki, petisiyaya qısa zaman ərzində tələb olunan yüz min imza atılacağı gözlənilən idi: “Biz petisiyaya başlayanda qarşımıza yüz min səs deyil, milyon səs yığmağı məqsəd qoymuşduq və bu istiqamətdə də iş aparırıq. Petisiyaya başlamağımızdan 7 gün keçsə də, artıq 100 min imza toplamışıq. Lakin bununla missiyamızı başa çatmış hesab etmirik. İnsanları bu sayı görüb arxayın olmamağa səsləyirəm, çünki biz yüz min yox, milyonlarlayıq, ən azı 1 milyon insanın müraciəti Ağ Evin rəsmi saytında olmalıdır”.
Onun sözlərinə görə, 100 min səs toplandıqdan sonra petisiya Ağ Evin qeydiyyatına düşür: “Ancaq 1 ay vaxt davam edir və düşünürük ki, petisiyanı milyonlarla şəxs imzalayacaq, petisiyaya maraq və diqqət artacaq, bu da ona reaksiya verilməsi zərurəti yaradacaq”.
Qeyd edək ki, layihə çərçivəsində Ağ Ev Administrasiyasının internet resursunda AVCİYA-nın prezidenti Elxan Süleymanovun imzası ilə Obama administrasiyasına petisiya ilə müraciət açılıb.
Müraciətdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2085 (2016) saylı qətnaməsində vurğulanan Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi, Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olması faktı, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələbi, Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırkı durumunun humanitar fəlakətlə nəticələnə biləcəyi xəbərdarlığı diqqətə çatdırılır. Eyni zamanda Ağ ev administrasiyasına AŞPA-nın 2085 (2016) saylı qətnaməsini dəstəkləməsi, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının azad edilməsinə və bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım edilməsi üçün çağırış edilir.
Qaydalara əsasən petisiyaya cavab verilməsi üçün 1 ay ərzində müraciəti ən azı 100 min nəfərin (elektron) imzalaması lazımdır.
Qeyd edək ki, Ağ Evin saytında açılmış petisiyaya qoşulmaq üçün https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe linkinə daxil olmaq lazımdır.
Nərgiz