Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov "Xəzər" televiziyasına eksklüziv müsahibə verib.
- Əli müəllim, aprelin əvvəlində təmas xəttində Ermənistanın növbəti təxribatının qarşısı alındı və bu hərbi əməliyyatlar atəşkəs dövrünün ən irimiqyaslı, böyük hərbi qarşıdurması idi. Ümumiyyətlə, əməliyyatları və onun nəticələrini necə qiymətləndirirsiniz?
- Əvvəla, tamamilə razıyam ki, bu hadisə erməni ordusunun növbəti təxribatı idi və bu təxribatın səbəbləri haqqında Azərbaycan prezidenti cənab İlham Əliyev də öz münasibətini bildirib. Digər dövlət rəsmiləri də qeyd ediblər ki, bu təxribat Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini və mövcud status-kvonu qorumaq, intensivləşməkdə olan danışıqlar prosesini pozmaq məqsədi daşıyır. Hər dəfə danışıqlar prosesində bir intensivləşmə müşahidə edildikdə ermənilər eyni təxribatı törədiblər və sonuncu təxribat da həmin sıradan idi.
2014-cü ilin sonunda Fransa Prezidenti Ollandın təşəbbüsü ilə danışıqlar prosesi intensivləşməkdə olarkən sərhəddə təxribat törətdilər və bu, onların vertolyotunu itirməsi ilə nəticələndi.
2015-ci ilin sonunda Rusiya Prezidenti Putinin təşəbbüsü ilə proses intensivləşəndə və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistana səfər edərkən yenə eyni təxribatı törətdilər. Təmas nöqtəsində ciddi insident yaşandı. Sonuncu da Azərbaycan Prezidenti cənab İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına, Vaşinqtona olan səfəri və səfər çərçivəsində bu istiqamətdə apardığı uğurlu danışıqlar, ABŞ vitse-prezidenti və dövlət katibinin bu məsələyə diqqəti artırması, o cümlədən Azərbaycanın ərazi bütövlüyü ilə bağlı verdikləri son ciddi bəyanatlar ona gətirdi ki, ermənilər yenə ciddi təxribata əl atdılar və yenə öz cavablarını aldılar.
Azərbaycan Ordusunun fəaliyyətinin dəyərləndirməsinə gələrkən, bu, hamının gözü qarşısında baş verdi. Azərbaycan ordusu yalnız ermənilərin təxribatına cavab verdi və əlbəttə, müvafiq olaraq bu təxribatları dayandırmaq məqsədi ilə uğurlu hücum əməliyyatı həyata keçirdi. Hücum nəticəsində də illərdən bəri Azərbaycanın dinc əhalisini, yaşayış məntəqələrini, qaçqın və köçkün düşərgələrini silah altında, təhdid altında saxlayan 3 yüksəkliyi ələ keçirdi. Bu hadisə iki mühüm nəticə ilə yekunlaşdı. Bunlardan biri ondan ibarət idi ki, illərdən bəri Azərbaycan hərbi quruculuğa büdcədən xüsusi vəsait ayırırdı və Azərbaycanın milli ordu quruculuğuna ayırdığı diqqət, verdiyi önəm, yönəltdiyi maliyyə vəsaitlərinin hansı nəticələr verəcəyini insanlar təsəvvür belə etmirdilər. Bu ilk ciddi toqquşmada Azərbaycan ordusunun qısa müddətdə böyük müvəffəqiyyətləri göstərdi ki, Azərbaycan sözün həqiqi mənasında güclü ordu yaradıb və bu ordu nəinki Cənubi Qafqazın ən güclü ordusudur, o cümlədən hətta lazım olarsa, Avrasiya bölgəsində ciddi humanitar, sülh yaratma proseslərində iştirak edə bilər. Ordumuz nəinki Azərbaycan ərazilərini işğaldan azad edə bilər, böyük hərbi-geostrateji vəzifələri icra edəcək gücdədir. Bu, birinci nəticə idi.
Azərbaycan xalqının ordusuna inamı sözün həqiqi mənasında çox yüksək səviyyədə artdı və bu artım da Azərbaycan xalqının həmin söylədiyim ikinci nəticəni - vətənpərvərlik hissinin yüksəlməsini təmin etdi. İllərdən bəri bəzən KİV-lərdə, bəzən televiziyalarda da belə bir ideya təlqin olunurdu ki, Azərbaycan artıq müharibəni unudub, Azərbaycan xalqı artıq Dağlıq Qarabağı yaddan çıxarıb, işğal olunmuş torpaqlar heç kimi narahat etmir. Amma qısamüddətli bu müharibə onu göstərdi ki, Azərbaycan xalqı nəinki Dağlıq Qarabağı və işğal altındakı əraziləri unudub, nəinki onun hərbi vətənpərvərlik hissləri aşağı düşüb, o, istənilən halda səfərbər olub, düşmənə, anti-Azərbaycan dairələrə, Azərbaycana hücum edən insanlara lazımi cavab verməyə hazırdır və qısa müddətdə bütün Azərbaycan gəncliyinin, bütün Azərbaycan xalqının ayağa qalxması, verdiyimiz itkiləri ləyaqətlə, dəyanətlə qarşılaması və vətən torpaqlarının işğaldan azad olunmasında hər bir insanın ortaya qoyduğu əzm, iradə onu göstərdi ki, biz lazım olsa, Azərbaycan torpaqlarını, vətənimizi qorumağa bir nəfər kimi qalxacağıq və qalxmağa da hazırıq. Bu iki nəticə fonunda biz bu qısamüddətli müharibəni yekunlaşdırdıq.
- Sizin də qeyd etdiyiniz kimi, hərbi əməliyyatlarda Azərbaycanın açıq-aşkar üstünlüyü nümayiş olundu və Azərbaycan həm də atəşin dayandırılmasına razılıq verməklə məsələnin sülh yolu ilə həllinə tərəfdar olduğunu bir daha göstərdi. Diplomatiya müstəvisində bunu necə dəyərləndirirsiniz və danışıqlar masasında bu, Azərbaycana hansı üstünlükləri gətirəcək?
- Bilirsiniz ki, ermənilər həmişə təxribat törədir və dərhal informasiya müharibəsi apararaq dünyada onların günahsız, Azərbaycanın günahkar tərəf olduğunu bəyan etməklə anti-Azərbaycan ovqatı yaratmağa çalışırlar. Bu dəfə bunu edə bilmədilər.
Bilirsiniz ki, ATƏT-in Minsk Qrupu hadisələrin gedişində, yəni ayın 2-si axşam saatlarından etibarən ciddi şəkildə bəyanatlar verməyə başladı və tərəfləri atəşi dayandırmağa çağırdı. Biz Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı ilə bu çağırışdan sonra dərhal birtərəfli qaydada atəşi dayandırdıq. Atəşi dayandıraraq dünyaya göstərmək istədik ki, biz heç də bu müharibənin davam etməsində, qan tökülməsində, günahsız dinc sakinlərin qətlə yetirilməsində maraqlı deyilik. Biz sadəcə olaraq, danışıqların intensivləşdirilməsi, Azərbaycan torpaqlarının işğaldan azad edilməsini tələb edirik və buna da bizim haqqımız var. ATƏT-in Minsk Qrupu həmsədrlərinin çağırışına cavab olaraq Azərbaycan atəşi dayandırmışdı, amma ermənilər itirdikləri mövqeləri və ordularının ciddi şəkildə məğlubiyyətini qəbul edib, barışmaq istəmirdilər. Ona görə də intensiv şəkildə atəşi davam etdirirdilər. Düzdür, onlar layiqli cavablarını alırdılar, amma Azərbaycan ordusunun növbəti uğurlu zəfər yürüşündən qorxaraq bu atəşin dayandırılması və sülh danışıqlarına başlanılması təklifinə razılıq verdilər. Bu təşəbbüs Rusiya Prezidenti Vladimir Putindən gəldi. O, hər iki ölkə prezidentinə müraciət etdi və müvafiq olaraq hal-hazırda danışıqlar prosesi hazırlanır. Yəqin ki, bugünlərdə danışıqların intensiv mərhələsi başlayacaqdır.
- Bu vəziyyətdən öz siyasi maraqları naminə sui-istifadə etmək istəyənlər oldu. Bu barədə nə deyə bilərsiniz?
- Mən düzü, ad çəkmək istəmirəm. Çünki onlar Azərbaycan cəmiyyətində o qədər də böyük, sosial dayağa malik deyillər. Bu insanları yalnız ətrafındakı 5-10 nəfər, hətta qohum-əqrəbası da demək olmaz, özləri kimilər müdafiə edir. Onların Azərbaycan cəmiyyətinə, xalqına, gəncliyinə aşılamaq istədiyi anti-Azərbaycan ideyaları keçərli deyil. Onların faktiki olaraq Azərbaycan cəmiyyətindəki rolları, təsirləri sıfıra bərabərdir. Ona görə də mən onların adlarını çəkmək istəmirəm. Amma təəssüflər olsun ki, biz Azərbaycan xalqının yekdil vətənpərvərliyini, yekdil torpaqlarımızı azad etmək, vətənini qorumaq əzmini, iradəsini gördüyümüz kimi, eynilə cəmiyyətimizdə bu tipli insanların da mövcud olduğunu, hələ də cəmiyyətdə tam yoxa çıxmadıqlarını müşahidə etdik.
- Bu yaxınlarda Bakıda BMT-nin Sivilizasiyalar Alyansının Qlobal Forumu keçiriləcək. Forumun əhəmiyyəti nədən ibarətdir?
- Bu il BMT-nin Sivilizasiyalar Alyansının yeddinci forumu reallaşdırılır və dünyanın ən önəmli məsələləri bu forumlarda müzakirə olunur. Bu forumlarda planetimizdə yaşayan xalqların, mövcud olan dövlətlərin, ayrı-ayrı milli, dini kəsimlərin, sivilizasiya daşıyıcılarının birgə yaşayış normalarının müxtəlif aspektləri müzakirə edilir.
Mən bir faktı qeyd etmək istəyirəm ki, Azərbaycan artıq 10 ilə yaxın bir müddətdə dünyanın belə mühüm beynəlxalq tədbirlərinə ev sahibliyi edir. Bunlar arasında idman, musiqi, siyasi, mədəni, dinlərarası-millətlərarası sivilizasiya normalarının təmsil olunuduğu tədbirlər var.
Sözün həqiqi mənasında biz bir tərəfdən dövlətimizi, xalqımızı, milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, respublikamızın turistik imkanlarını təbliğ edib gələcəkdə bu sahənin inkişafına nail oluruqsa, digər tərəfdən dünyanın müxtəlif xalqları ilə, müxtəlif etnik-dini icmaları ilə, dairələri ilə dialoqa girərək onların yaşadığı gündəmlə, onları düşündürən məsələlərlə, qarşılıqlı maraqları ifadə edən digər məsələlərlə tanış oluruq. Bu da xalqımızı, dövlətimizi getdikcə zənginləşdirir, bəşəriyyətin, dünyanın ayrılmaz tərkib hissəsinə çevirir.