Bielefeld Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti “Azadlıq” qəzetinin Almaniyada keçirilən mitinqlə bağlı dərc etdiyi yazıya görə etiraz edib.
Cəmiyyətdən Teleqraf.com-a daxil olan məlumatda bildirilir ki, aprelin 17-də Bielefeld Alman-Azərbaycan Mədəniyyət Cəmiyyətinin təşkilatçılığı ilə Almaniyanın Düsseldorf şəhərində aprel ayının ilk günlərində Ermənistan Ordusunun Azərbaycanla təmas xəttində törətdiyi hərbi təxribatlara etiraz etmək məqsədi ilə aksiya keçirilib:
“Aksiyada bu ölkədə yaşayan azərbaycanlı və türklər iştirak edib. Etiraz mitinqində “Qarabağ Azərbaycanındır!”, “Xocalı Soyqırımını unutmayaq!”, "Dünya birliyi Ermənistanın təcavüzkarlığını qınamalıdır" kimi şüarlar səsləndiriblər. Aksiyada çıxış edənlər son günlər Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs rejiminin və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasını, Azərbaycanla təmas xəttində təxribatçı cəhdlərin törədilməsini və dinc əhalinin qətlə yetirilməsini kəskin şəkildə pisləyiblər. İştirakçılar eyni zamanda, qəhrəmancasına vuruşan əsgərlərə dəstək verdiklərini ifadə edib, Ermənistan silahlılarının Azərbaycan torpaqlarından qeyri-şərtsiz çıxarılmasını tələb ediblər.
Lakin Azərbaycanda fəaliyyət göstərən müxalif yönümlü “Azadlıq” qəzetinin 18 aprel buraxılışında və qəzetin internet səhifəsində yayılan informasiyada sözügedən aksiyanın məzmun və məqsədi yalnış şəkildə təqdim edilib, aksiya ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar qeyd olunub.
Bielefeld Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti olaraq belə həssas mövzuların siyasiləşdirilməsinin yolverilməz olduğunu nəzərinizə çatdıraraq bildiririk ki, bu cür əsassız, həqiqətə uyğun olmayan məlumatların yayılması Azərbaycanın milli və dövlətçilik maraqlarına zidddir.
Həmçinin, Düsseldorfda yaşayan və sözügüdən aksiyada iştirak edən azərbaycanlılar da Azərbaycanda fəaliyyət göstərən bəzi KİV-lərinin bu cür yalnış məlumatlar yaymasından dərin narahatlığını bildirir, Azərbaycan dövləti və xalqı üçün xüsusi əhəmiyyət kəsb edən həssas mövzularda birlik və həmrəylik göstərmək əvəzinə, baş verənlərin əsassız şəkildə siyasiləşdirilməsini qəti şəkildə qınayır. Bielefeld Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti olaraq Düsseldorfda yaşayan və aksiyada iştirak edən azərbaycanlılar adından sözügedən KİV-lərə kəskin şəkildə etiraz edir, yayılan yalnış məlumatlarla bağlı təcili olaraq təkzib verilməsini tələb edirik”.
Kəmalə