20 Aprel 2016 19:28
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünyanın bir sıra aparıcı ölkələrində belə yəhudilərə qarşı bu gün də davam edən arzuedilməz münasibətlərin fonunda Azərbaycanda yəhudilərin həyat modeli öyrənilməsi ibrət götürülməli nümunədir”.

Teleqraf.com xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üçüncü iş günündə müzakirəyə çıxarılmış “Avropada antisemitizmə qarşı mübarizədə yeni vəzifələr” adlı hesabatın müzakirəsində Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov deyib.

Əvvəlcə problemin aktuallığı məsələsinə toxunan azərbaycanlı deputat qədim tarixi olan antisemitizmin müasir dövrdə də mövcudluğunun ciddi narahatlıq doğurmasını vurğulayıb: “Yəhudilərin ən müxtəlif təzyiqlərlə üzləşməsi, sıxışdırılması, təqib edilməsi və bütövlükdə antisemitizmin bir təmayül kimi varlığı, təəssüflər ki, çox qədim hadisədir. Amma ikiqat artıq təəssüf doğuran odur ki, min illər əvvəl bu əzabkeş və istedadlı xalqın üzləşdiyi bəlalar yalnız acı tarix deyil, həm də müasir həyatda rast gəlinən sərt reallıqdır.

Elə lap az əvvəl Parisdən minlərlə yəhudinin köçüb getməsinin ardınca, 2015-ci ildə bu şəhərdəki yəhudi mağazasında, yaxud Avropanın digər rəmzi paytaxtlarından sayılan Brüsseldə yəhudi muzeyində terror aktları törədilirsə, oxşar hadisələr Avropanın və dünyanın bir sıra ən inkişaf etmiş demokratik ölkələrində təkrarlanırsa, deməli, sayıqlığımızı qat-qat artırmalıyıq.

Demək, antisemitizmlə mübarizənin daha çevik və müasir üsulları tapılmalıdır. Ona görə də müzakirə etdiyimiz mövzu son dərəcə aktual və zəruridir. Axı “antisemitizm” kimi qeyd edilən bir axın mövcuddursa, fəlsəfəsi etibarı ilə bu daha əhatəli fəsadların artmasına rəvac verən epidemiya deməkdir.

Bu, həm ksenofobiyadır, həm islamafobiyadır, həm irqçilikdir, həm dinlər arasında nifaq, mədəniyyətlər arasında təfriqə deməkdir. Antisemitizm artıq ikinci onilliyinin yarıdan çoxunu yaşamış olduğumuz üçüncü minillikdə də ayaq üstədirsə, deməli, istənilən başqa dinin təmsilçilərinə, istənilən başqa xalqlara qarşı da eyni nifrət dalğasının püskürməsi, bənzər zorakılıqların törədilməsi ehtimalı qaçılmazdır”.

Azərbaycanın bütün xalqlar və millətlərin mehriban ailə kimi yaşadığı, mədəniyyətlər və dinlər arası dialoqun ölkəmizdə ən yüksək səviyyədə gerçəkləşdirildiyinə diqqət yönəldən deputat deyib ki, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı, çoxmədəniyyətli bir dövlətdir və tarix boyu da həmişə belə olub: “2016-cı ilin Azərbaycanda rəsmən multikulturalizm ili elan edilməsi də elə həmin xəttin daha bir bariz təsdiqi sayıla bilər. Dünyanın bir sıra aparıcı ölkələrində belə yəhudilərə qarşı bu gün də davam edən arzuedilməz münasibətlərin fonunda Azərbaycanda yəhudilərin həyat modeli öyrənilməsi gərək olan, ibrət götürülməli nümunədir”.

Cavad


Müəllif:

Oxşar xəbərlər