Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurultayının keçirilməsi tarixi düyünə düşüb.
Teleqraf.com AMİPdaxili mənbələrə istinadən xəbər verir ki, partiya rəhbərliyi ali qurultayını keçirib özünün növbəti sədrini seçmək məsələsində hələ də tərəddüd edir.
Məhz bunun nəticəsidir ki, AMİP-in qurultay problemi çözülmür.
Məlumat üçün qeyd edək ki, hazırda AMİP sədrliyinə iddiası olan üç partiya funksionerinin adı hallanır.
Bunlardan biri Arzuxan Əlizadədir.
A.Əlizadə uzun illərdir ki, AMİP-də müxtəlif vəzifələr tutur və hazırda partiyanı məhz o idarə edir.
Onun AMİP lideri Etibar Məmmədova bağlı olduğu məlumdur.
Sədrliyə iddia edən digər və daha güclü namizəd isə Əli Orucovdur. Əli Orucov demək olar ki, gənclik çağından AMİP-in üzvü olub və hazırda partiyanın seçkili orqanlarında təmsil olunur.
Bundan başqa, Orucov həm də AMİP lideri Etibar Məmmədovun köməkçisidir və partiya işlərində daima xüsusi fəallığı ilə seçilib, uzun illər partiyada katib postunu tutub.
Üçüncü namizəd isə partiyanın beynəlxalq əlaqələr üzrə katibi Elşən Mustafayevdir. Mustafayev də demək olar ki, gənclik yaşından partiyanın üzvü olub və Etibar Məmmədovu lider kimi qəbul edib. Məmmədovla birlikdə bir çox xarici səfərlərdə iştirak edib. Hazırda partiyanın xarici əlaqələrinə məsul şəxsdir.
Ancaq müşahidələr göstərir ki, bu şəxslərdən heç birinin maliyyə imkanları yetərincə deyil. AMİP sədri postunda əyləşəcək şəxsin həm də maliyyə qaynaqları olmalıdır. Ən azından yeni sədr partiyanın mərkəzi aparatını saxlamaq imkanına malik olmalıdır. Aydındır ki, indi siyasi partiyaların heç birində üzvlük haqqı ya yığılmır, ya da bu rəqəm çox cüzi olur.
Müşahidələr isə göstərir ki, AMİP yeni sədr axtarışındadır. Məhz bu səbəbdən partiya hələlik ali tədbirini keçirməyə tələsmir.
Xatırladaq ki, AMİP-in sədri Yusif Bağırzadə 2015-ci ilin parlament seçkiləri ərəfəsində istefa verib. Bundan sonra partiya sədrsiz qalıb. Bağırzadə AMİP-ə sədrlik etdiyi dönəmdə bu siyasi qüvvə təşkilati baxımdan bir qədər inkişaf edə bilib.
Cavid