Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Azərbaycan birinciliyi və bölgələrarası kubok, həmçinin batut gimnastikası və tamblinq üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı davam edir.
Teleqraf.com-un məlumatına görə, yarışda bədii gimnastlar balacalar, yeniyetmələr və gənclər kateqoriyalarında güclərini sınayırlar. Qrup hərəkətləri komandaları isə yalnız yeniyetmələr və balacalar yaş kateqoriyalarında medallar uğrunda mübarizə aparırlar.
İştirakçılar Bakı Gimnastika Məktəbini, Respublika Kompleks İdman Məktəbini, “Ocaq Sport” və “Start” klublarını, həmçinin Su İdman Sarayını təmsil edirlər.
Turnirin ən maraqlı məqamı da məhz sonuncu günə - dekabrın 10-na təsadüf edir. Belə ki, “Qızıl Yaş” adlandırılan şou xarakterli yarışlarda öz proqramlarını təqdim etmək üçün tamaşaçı qarşısına məşqçilər çıxırlar. Bir neçə il əvvəl gimnast karyerasına son qoyaraq məşqçi-müəllim kimi çalışmağa başlayan qız yarış meydançasında öz məharətlərini göstərirlər.
Batutçular isə balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyalarında fərdi proqramda mübarizə aparırlar.
Batutçuların yarışında yerli idmançılarla yanaşı, Gürcüstan təmsilçiləri də iştirak edirlər.