1 İyun 2018 15:22
2 982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Legioner həyatı yaşamaq asan iş deyil. Mən də 3 il legioner həyatı yaşamışam. Legioner olmaq o deməkdir ki, sən yerli futbolçudan qat-qat üstün olmalısan. Amma böyük futbol görmək istəyirsənsə, mütləq legioner həyatı yaşamalısan. Bu, həmin ölkələrin çempionatları olmalıdır ki, buranı təmsil edən klublar mütəmadi olaraq, Çempionlar Liqası və Avro Liqanın qrup mərhələlərində çıxış edirlər, uğur qazanırlar. Böyük futbol həmin ölkələrdə, həmin klublardadır.

Futbol üzrə Azərbaycan yığma komandasının keçmiş oyunçusu, “Neftçi” klubunun seleksiya xidmətinin rəhbəri Kamal Quliyev belə düşünür.

Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik:

- Azərbaycan millisinin Qırğızıstan üzərində 3-0-lıq qələbəsi ümidləri artırdı. Gözləntiniz nədir?

- Bu qələbə bizi aldatmamalıdır. Çünki rəqib o qədər də güclü deyildi. Buna görə də futbolçuların oyuna köklənməsi və motivasiyası ürəkaçan deyildi. Motivasiya olmayanda da istədiyin oyunu sərgiləyə bilmirsən. Mənim üçün belə oyunlar aldadıcı olur. Əgər rəqabət apara biləcəyimiz bir yığma ilə qarşılaşsaydıq, nəsə gözləmək olardı. Amma bütün hallarda yığmamızın qalibiyyəti bizi sevindirir, qələbənin böyük-kiçiyi olmur.

Amma seçmə mərhələdəki rəqibimiz olan Kosovo yoxlama oyununda Albaniya millisi üzərində böyük hesabla qələbə qazandı. Kosovo qrupumuzun autsayderi kimi gröünsə də, son oyunu bu fikri alt-üst etdi. Əlbəttə, gözləntimiz var. Millinin başında yerli mütəxəssis dayanır. Qurban Qurbanov uğurlu mütəxəssisdir, meydanlarda öz sözünü deyə bilən insandır. Ümid edirəm ki, davamı yaxşı olacaq.

- Yığmanın qarşıdakı seçmə mərəhələdəki şanslarını necə dəyərləndirirsiniz?

- Açığını desək, bu oyunla çox çətin olacaq. Özüm də vaxtilə bu millidə oynamışam, bilirəm ki, rəqib zəif olanda da, futbolçularımız oyunlara köklənə bilmirlər. Amma qrupumuzda özümüzü üçüncü yerdə görürdüm, lakin Kosovonun son oyunu məni çaşdırdı.

İstənilən halda isə bu futboldur – oyundur, buna görə də hər şey ola bilər. Amma gözləntimiz və ümidimiz də budur ki, bu qrupdan lider olaraq çıxaq.

- Qurban Qurbanovun yığmanın sükanı arxasına gətirilməsi doğru qərar idimi? Çünki onun “Qarabağ”dakı işləri də kifayət qədər ağırdır...

- Doğru qərar idi, amma onu bu qədər yükləmək də olmazdı. Çünki o da insandır. Həm “Qarabağ”da, həm də millidə işləmək onu çətin vəziyyətdə qoyur. Buna görə də bir neçə çıxış yolu var. Ya “Qarabağ”ı milli komandanın bazasına çevirmək lazımdır, ya da digər addımı atmaq. Amma “Qarabağ” da sıradan bir klub deyil, Çempionlar Liqasının qrup mərhələsinə düşmüş klubdur, həmişə göz qabağında və nəzarətdədir. Buna görə də hər iki yerdə işləməyin məsuliyyəti də ağırdır.

Amma Qurban müəllimin ətrafında olan insanlar işlərini canla-başla görsələr, onun işi o qədər də ağır olmaz. Lakin bütün hallarda bu, tək adamın işi deyil. Buna görə də, mütəxəssislər ona bu işdə kömək etməlidirlər.

- Zidan “Real-Madrid”dən ayrıldı. Sizcə, danışıqlar aparmaqla onu yola gətirib, “sükanı” Qurban müəllimdən alıb ona vermək mümkündürmü?

- Bir milyonluq futbolçunu Azərbaycana zorla gətirmək olur. İndi deyirsiniz ki, 1 milyardlıq Zidana ağız açaq? Bu, mümkün olan şey deyil. Zidan Azərbaycana gələ bilər, amma o halda ki, çempionatın səviyyəsi onun kimi mütəxəssislərin diqqətlərini cəlb etsin. Ən az hər il bir klubumuzu Çempionlar Liqasına daşıya biləcək futbolçular yetişdirilməlidir, bu səviyyədə olan futbolçular yerli çempionata cəlb olunmalıdırlar.

- Kamal müəllim, nə düşünürsünüz, bu gün millinin əsas problemi nədir?

- Millinin əsas problemi futbolçu seçimi ilə bağlıdır. Seçim imkanları məhduddur. Çünki yerli çempionatda 8 klub mübarizə aparır. Bu klubların da hər birinin heyətinin təxminən 50%-i legionerlərdir, əcnəbi futbolçulardır. Yəni, əsas problem peşəkar futbolçuların, seçim imkanlarının məhdud olmasıyla bağlıdır.

- Belədirsə, yerli çempionatda iştirak edən klubların sayı niyə kəskin şəkildə azaldıldı?

- Bu sualın cavabını mən yox, futbol funksionerləri daha yaxşı bilirlər. Çoxları bunu maliyyə məsələlərinə bağlayırlar. Lakin mənim qənaətimə görə, əsas məslə maliyyə ilə əlaqədar deyil.

Məsələn, “Xəzər-Lənkəran” I dəstədə I yeri tutdu. Halbuki maliyyə imkanları kifayət qədər geniş olan bir klubdur və onu Premyer-Liqaya gətirə bilərdik.

Bu baxımdan, aidiyyatı şəxslər klubların sayının hansı səbəbdən azaldıldığını bilirlər. Amma onların da dəfələrlə bununla bağlı verdikləri açıqlamalarda maliyyə məsələsinə toxunulub.

- Siz özünüz nə fikirləşirsiniz, klubların sayı nə qədər olmalıdır? Bununla bağlı təklifiniz varmı?

- Klubların sayı nə qədər çox olsa, o qədər yaxşıdır. Məsələn, futbol ənənələrinin olduğu bölgələrimiz var ki, orada futbol həyatını yenidən canlandırmaq lazımdır. Həmin bölgələri təmsil edən klubları yenidən Premyer-Liqaya qaytarmalıyıq. Ayrı-ayrı rayon və şəhərlərimizdəki futbolçuları da yetişdirib, klublara cəlb etmək, çempionatın səviyyəsini qaldırmaq lazımdır.

Məsələn, Tovuz, Şəmkir və Qazaxda futbol ənənəsi olub. Həmin rayonlar ayrı-ayrılıqda olmasa da, bu bölgəni təmsil edən ən az bir klubu çempionata cəlb etmək mümkündür. “Xəzər-Lənkəran”ı yenidən qaytarmaq lazımdır. Cənub bölgəsində də həmişə futbol olub. Quba-Qusar bölgəsindən də bir klub çıxarmaq olar. Bu bölgədən də həmişə çempionatda iştirak edən klub olub ki, öz əzmkar mübarizəsi ilə seçilib. Zaqatala və Yevlaxda da futbol ənənəsi var. Həmin bölgələri təmsil edən klubları nəyin bahasına olursa-olsun, yaşıl meydanlara çıxarmalıyıq. Bölgələrdən nə qədər klub Premyer-Liqaya cəlb edilsə, bu, ümumi məqsədin xeyrinə olacaq.

- Sizin də dediyiniz kimi, vaxtilə çempionatda “Karvan”, “Xəzər-Lənkəran”, “Viləş”, “Şəmkir”, “İnter”, “Bakı”, “Şahdağ”, “Göyəzən” var idi. Sizcə, bu klublar niyə sıradan çıxdılar?

- Həmin klublar ayrı-ayrı iş adamlarının öz şəxsi biznesləri hesabına maliyyələşdirdikləri klublar idilər. Yəni, sırf şəxsi biznesə bağlı olduqları üçün bu kimi klubların sıradan çıxması mümkündür. Pul problemi yaranan kimi həmin insanlar dərhal futboldan aralaşırlar. İtirən isə futbolçular və klublar olur.

- Yerli futbolçularımızı əcənəbi klublara cəlb etmək üçün hansı addımlar atılmalıdır? Amma görünən də budur ki, ölkədən kənara gedən oyunçular tez də geri qayıdırlar...

- Legioner həyatı yaşamaq asan iş deyil. Mən də 3 il legioner həyatı yaşamışam. Legioner olmaq o deməkdir ki, sən yerli futbolçudan qat-qat üstün olmalısan. Amma böyük futbol görmək istəyirsənsə, mütləq legioner həyatı yaşamalısan. Bu, həmin ölkələrin çempionatları olmalıdır ki, buranı təmsil edən klublar mütəmadi olaraq, Çempionlar Liqası və Avro Liqanın qrup mərhələlərində çıxış edirlər, uğur qazanırlar. Böyük futbol həmin ölkələrdə, həmin klublardadır.

Sevindirici haldır ki, bizim maliyyə imkanlarımız da kifayət qədərdir, qazancları futbolçularımızı qane edir. Buna görə də əziyyət çəkib Azərbaycandan qırağa çıxmaq istəmirlər. Azərbaycandan qazandıqları ilə qane olurlar, razılaşırlar. Çünki legioner həyatı yaşamaq, oradakı rəqabətə dözmək asan iş deyil.

- Kamal müəllim, sizin fəaliyyətiniz nə yerdədir? Yenidən “Neftçi”yə qayıtdınız, halbuki “Neftçala”da da işləriniz pis getmirdi...

- Hazırda “Neftçi”də seleksiya xidmətinin rəhbəri işləyirəm. İşimdən razıyam. Məlumdur ki, kariyeramı bitirikdən sonra 3 il “Neftçi”də işlədim. Daha sonra iki il “Neftçala”da baş məqşçi işlədim. İki dəfə ardıcıl olaraq çempion olduq. Klubun rəhbərliyinə (“Neftçi”nin) da müraciət etmişəm ki, hansısa şans olsa, baş məşqçi işləyə bilərəm. Əsas məqsədim də budur. Qismət olsa, işləyəcəyəm.

- Xarici klublardan təkliflər alırsınızmı?

- Yox, almamışam. Bu, bir az çətin məsələdir. Biz hələ o səviyyəyə gəlib çata bilməmişik. Nə vaxtsa, eşitmək mümkündür ki, Kamal Quliyev hansısa Avropa ölkəsinin klubunu ardıcıl 2 dəfə çempion edib. Amma hələ ki, bu yerə gəlib çıxa bilməmişik. Hər problem zamanla həll olunur. Ümid edirəm ki, nə vaxtsa bunun da həlli tapılacaq.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər