8 Sentyabr 2019 21:41
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Seçmə mərhələdə hər oyun 3 xal qazanmaq baxımından vacibdir. Zaqrebdəki qarşılaşmada elə də yaxşı təsir bağışlamadığımız halda, qələbə qazanan tərəf olmuşduq. Bakıda bir pis oyunumuz olub. 2015-ci ildə 0:0 hesablı heç-heçə ilə nəticələnmiş görüş. Ümidvaram ki, sabah biz qalib olacağıq".

Teleqraf.com xəbər verir ki, bu sözləri Xorvatiya Futbol İttifaqının prezidenti Davor Şuker Avro-2020-nin seçmə mərhələsində sabah Azərbaycan millisinə qarşı keçirəcəkləri oyun haqda danışarkən deyib.

Əfsanəvi mütəxəssis Azərbaycana qarşı xoş münasibətindən söhbət açıb: "Müstəqilliyimizi qazandığımız 1992-ci ildən sonra çox yaxşı nəticələrimiz olub. Son olaraq, 2018-ci il dünya çempionatında ikinci yeri tutmuşuq. O qədər də böyük əhalimiz olmasa da, baş məşqçilərə yaxşı trend yaratmışıq. Həmçinin, çox şadıq ki, Robert Prosineçki burada çalışıb. O, çox gözəl insan və yaxşı baş məşqçidir. Bu, bizim üçün çox xoşdur. Özüm də Azərbaycanı çox sevirəm. Həm AFFA-da, həm də Azərbaycanın özündə çoxlu dostlarım var. Sabahkı oyundan bir qədər kənara çıxaraq bildirim ki, bu il Bakıda Avropa Liqasının final matçı keçirilmişdi. İngiltərənin "Çelsi" və "Arsenal" komandaları arasındakı görüşün təşkilatçılığı barədə bütün fikirlər müsbət olmuşdu. UEFA İcraiyyə Komitəsinin üzvü kimi ümidvaram ki, Avro-2020-nin Bakıda keçiriləcək 4 oyunu bundan da yaxşı təşkil olunacaq".

Şuker uğursuz nəticə təqdirində Zlatko Daliçi Niko Kovaç kimi istefa təhlükəsinin gözləyib-gözləmədiyi barədə sualı isə belə cavablandırıb: "Ümidvaram ki, sabahkı oyundan sonra baş məşqçimizi dəyişməyəcəyik. Hazırda qrupdakı vəziyyətimiz çox yaxşıdır. Çox gözəl oynayırıq. İnanıram ki, Avro-2020-yə Zlatko Daliçlə birgə yollanacağıq".

Qeyd edək ki, sentyabrın 9-da "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Xorvatiya matçı saat 20:00-da başlayacaq.


Müəllif: Mənbə/Report