10 Noyabr 2019 22:57
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Çətin oyun oldu. Son vaxtlar komandada həm psixoloji, həm də fiziki yorğunluq var. Xallarımızın üstünə biri də gəldi. Heyətdə çoxlu dəyişiklik etmişdik. Zədəli oyunçularımız çoxdur. Futbolçular çox əziyyət çəkdi. Qələbə qazanmaq istəyirdik".

Teleqraf.com xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XI turunda evdə "Zirə" ilə heç-heçə etdikləri (1:1) matçdan sonra mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis bildirib ki, avrokuboklardakı matçdan iki gün sonra çempionat oyunlarına çıxırlar: "Oyunçuları hazırlaşdırmaq istəsək də, psixoloji gərginlik olur. Bəzən istədiyimiz heyəti formalaşdıra bilmirik. Komandanı hazır vəziyyətdə saxlamaq asan deyil. Çempionatdakı nəticələrimiz pis deyil. Gərginlik var, amma çalışırıq ki, bunu aradan qaldıraq. Özüm də bu matça tam hazırlaşmışam. İstənilən halda ağlımızda APOEL-lə matçın nəticəsi qalır. Gələcəkdəki matçlara baxmalıyıq".

Təcrübəli məşqçi Avropa Liqasındakı şanslarından da söz açıb: "Oyundan sonra da bildirmişdim ki, sona kimi mübarizə aparacağıq. Qarşıdakı matçlarda nə olacağını bilmək olmaz. Şans varsa, bundan maksimum yararlanmağa çalışacağıq. Həm futboluçular, həm də mən buna inanıram".

Qurbanov komandakı zədəli oyunçuların vəziyyəti barədə də danışıb: "Dani Kintana bir həftə sonra məşqlərə başlayacaq. İnanmıram ki, Filip Ozobiç bu il meydana çıxsın. Mahir Emreli isə fitnesdə hazırlıqlara başlayıb. Dani və Mahir "Sevilya" ilə görüşdə meydanda ola bilərlər".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər