Respublika Olimpiya Mərkəzində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun təşkilatçılığı ilə nazirliyin qurumları arasında çoxnövçülük idmanı üzrə çempionat keçirilib.
Teleqraf.com xəbər verir ki, yarışda nazirliyin 19 qurumunun 80-ə yaxın əməkdaşı iştirak edib. İki gün davam edən çempionatda idmançılar 100 və 1000 metr məsafələrə qaçış, uzununa tullanma, yadro itələmə, hündürlüyə tullanma çoxnövçülüyündə qüvvələrini sınayıblar.
Gərgin idman mübarizəsi şəraitində keçən şəxsi birincilikdə ilk iki yerin sahibi Dövlət Yanğından Mühafizə Xidmətindən (DYMX) Asəf İbrahimov və Vüqar Mirzəyev olmuş, 3-cü yeri isə Xüsusi Riskli Xilasetmə Xidmətindən (XRXX) Pərviz Babayev tutub.
Komandahesabında 1-ci yerə DYMX, 2-ci yerə XRXX, 3-cü yerə isə Fovqəladə Hallar NazirliyininAkademiyası layiq görülüb. Yarışların baş hakimi beynəlxalq dərəcəli hakim Tofiq Əliyev olub.
Çempionatın bağlanış mərasimində çıxış edən FHN İdman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev qalibləri təbrik edib, onlara gələcək yarışlarda uğurlar arzulayıb.
Sonda qaliblərə mükafatlar təqdim edilib.
İLHAMƏ