Premyer Liqasının XI turu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov üçün ikiqat yubileylə əlamətdar olacaq.
Teleqraf.com Peşəkar Futbol Liqasına istinadən məlumat verir ki, 42 yaşlı mütəxəssis karyerasında baş məşqçi kimi 300-cü, “Qarabağ”la Premyer Liqada isə 200-cü oyunu keçirəcək. “Araz-Naxçıvan”la sabah baş tutacaq qarşılaşmayadək onun hesabında 299 oyun var.
Məşqçilik karyerasına 2006-cı ildə “Neftçi”də başlayan Q.Qurbanov bakılıları 38 oyuna çıxarıb: 25 qələbə, 6 heç-heçə, 7 məğlubiyyət, top fərqi 76-28.
2008-ci ildən “Qarabağ”da işləyən mütəxəssis bu komandadakı 261 matçda 131 qələbə, 78 heç-heçə və 52 məğlubiyyət görüb. Top fərqi isə 342-197-dir.
Baş məşqçi kimi yalnız bu iki klubda çalışan Q.Qurbanov ümumilikdə 299 qarşılaşmada 156 qələbə, 84 heç-heçə və 59 məğlubiyyətə şahid olub. Onun yetirmələri 418 qol vurub, 225-ni buraxıb.
Qeyd edək ki, Q.Qurbanovun 299 matçından 227-si çempionat, 33-ü kubok, 39-u avrokubok oyunudur. Premyer Liqadakı 227 görüşdən 28-i “Neftçi”, 199-u “Qarabağ”da olub. Bu da o deməkdir ki, mütəxəssis Ağdam təmsilçisini 200-cü çempionat sınağına çıxaracaq.
Klubdakı 6-cı mövsümdə onun yetirmələri 101 qələbə qazanıb, 58 heç-heçə edib və 40 dəfə uduzub. Bu matçların top fərqi 267-150-dır.