Futbol üzrə üçqat dünya çempionu, braziliyalı Pele Argentina yığmasının və Fransanın "Pari Sen-Jermen” klubunun hücumçusu, 34 yaşlı Lionel Messidən onu öz rekordunun üstələməsi ilə əlaqədar vaxtında təbrik etmədiyinə görə üzr istəyib.
Teleqraf.com xəbər verir ki, bu barədə Pele özünün instaqramdakı hesabında yazıb.
"Messi, salam. Əgər gecikdimsə bağışla. Ancaq mən səni bu ayın əvvəlində üstələdiyin daha bir rekord münasibətilə təbrik etmək imkanını qaçırmaq istəmirdim. Sənin çox gözəl istedadın var. Ümid edirəm, dostlarım Mbappe və Neymarla birlikdə daha çox uğura nail ola biləcəksən", - Pele sosial şəbəkədə yazıb.
Qeyd edək ki, Messi Argentina yığmasının 2022-ci il dünya çempionatının seçmə mərhələsinin Boliviya komandasına qarşı Buenos-Ayresdə keçirilən matçında (3:0) het-trik edib. O, braziliyalı üçqat dünya çempionu Pelenin Cənubi Amerika milli komandasının heyətində vurulan qolların sayı üzrə rekordunu üstələyib. Messinin aktivində Argentinanın heyətində 79, Peledə isə 77 qol var.
Messi daha əvvəl bildirib ki, Pelenin rekordunu üstələməyi arzulayır.