17 Mart 2022 16:45
944
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elxan Məmmədov AFFA-dan uzaqlaşmayıb. O, AFFA-nın baş katibi postundan gedərək icraçı vitse-prezident vəzifəsini tutub.

Bunu Teleqraf.com-a açıqlamasında idman yazarı Natiq Muxtarlı deyib.

Onun sözlərinə görə, Elxan Məmmədov əhəmiyyətini itirmiş AFFA-nın baş katibi postunu dirçəltmək üçün müavini bu vəzifəyə gətirib:

“Böyük ehtimalla, Elxan Məmmədovun AFFA prezidenti olmaq şansı var. Daha doğrusu, yəqin ki, bu işi razılaşdırıb. O, AFFA prezidenti olmağa can atır və olacaq. Güman edirəm ki, icraçı vitse-prezident postu ləğv ediləcək. Ona görə də, baş katib postuna indidən öz adamını gətirir. Fikrimcə, yeni təyinatdan sonra AFFA-da heç bir dəyişiklik olmayacaq. AFFA yenə də həmin idarəçilərin əlindədir".

İdman yazarı hesab edir ki, AFFA-da vəzifə postu uğrunda mübarizə gedir, bütün səlahiyyətlər də Elxan Məmmədova məxsusdur: "SOCAR-dan uzaqlaşdırıldıqdan sonra Rövnəq Abdullayev AFFA ilə maraqlanmır və əlindən bütün səlahiyyətlər alınıb, Elxan Məmmədovun əlinə keçib.

AFFA-da hər hansı irəliləyiş istəyiriksə, rəhbərlik tam tərkiblə isteva verməlidir, futbolumuz peşəkarlara tapşırılmalıdır. Hələliksə AFFA-da hər hansı islahatdan danışmaq üçün tezdir".

"Azərbaycan futbolunun idarə edilməsi üçün kimləri nümunə görürsünüz" sualına cavabda Natiq Muxtarlı ad çəkmək istəmədiyini bildirib:

"Nəzərimdə müəyyən adamlar var ki, onlar futbolu bilirlər, bu sahədə islahatlar aparmağı bacararlar. Amma adamların adını çəkərək onları zərbə altında qoymaq istəmirəm. Böyük ehtimalla onu axtarmaq, tapmaq çətin deyil

Elxan Məmmədov Azərbaycan futbol təsərrüfatına rəhbərlik etməyə başlayana qədər 16 komanda çıxış edirdi, sahibkarlar çempionata gəlib, investisiya qoyurdular. Amma indi Azərbaycan futbol təsərrüfatında 8 komanda var, hamısı da Bakıda oynayır və AFFA-dan maliyyələşirlər, 7 komanda Elxan Məmmədovun nəzarətindədir. Görün Azərbaycan futbolunu nə hala gətiriblər?"


Müəllif: Aysel Azad

Oxşar xəbərlər