Mingəçevirdə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı beynəlxalq avarçəkmə turniri keçirilir. Mingəçevir reqatası artıq bütün dünyada tanınmış olan avar çəkmə idmançılarının həvəslə iştirak etdiyi beynəlxalq yarışa çevrilib. Builki reqatada iyirmi ölkədən yüzdən çox idmançı iştirak edir, onların əksəriyyəti beynəlxalq turnirlərin qalibləri və artıq özlərini böyük ümidlər verən idmançı kimi tanıda biliblər.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
O qeyd edib ki, Mingəçevirdə avarçəkmə yarışları yüksək səviyyədə təşkil edilməsi cəlbedicidir: “Bu gün Mingəçevirdə başlayan reqata sabah Suqovuşanda davam edəcək. Yarışlar mayın 7-si Bakıda yekunlaşacaq, qaliblər mükfatlandırılacaq. Azərbaycan Avarçəkmə Federasiyası yarışların yüksək səviyyədə keçirilməsi, gələn idmançıların Azərbaycanı daha yaxşı tanıması üçün maksimum işlər görür”.
Deputat bildirib ki, builki yarışlar ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilir: “Yarışa gələnlər ulu öndərin nə qədər böyük xidmətləri olduğunu bir daha öyrənəcvəklər. Yarışların ədalətli, rəqabətli və Azərbaycan adına layiq keçirilməsinə imkan yaradılacaq. İnanırıq ki, Azərbaycan avarçəkənləri bu yarışda qələbə ilə idman sevənləri sevindirəcəklər”.