1 İyun 2017 10:06

Bu gün Bakıda 24-cü Beynəlxalq Xəzər Neft-Qaz ("Caspian Oil & Gas") konfransı öz işinə başlayıb.

"APA-Economics" xəbər verir ki, konfransı "ITE Group" şirkətinin baş meneceri Endryu Vud açaraq tədbir iştirakçılarını salamlayıb. O, "Caspian Oil & Gas" beynəlxalq konfransının 24-cü dəfə Bakıda keçirilməsini gözəl ənənə kimi dəyərləndirib. Təbdir iştirakçıları arasında bir sıra ölkələrin yüksək rütbəli şəxslərinin, dünyanın iri neft-qaz şirkətlərinin rəhbərlərinin olduğuna işarə edən E.Vud qeyd edib ki, bu, konfransa marağın ilbəil artmasının göstəricisidir. "Neft-qaz sektoru bütün dünya, o cümlədən region ölkələri üçün olduqca əhəmiyyətlidir", - deyə o bildirib.

Daha sonra çıxış edən Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib ki, Azərbaycan 24 ildir BP, "Statoil", "McDermott" və s. beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edir: "Biz bu şirkətlərlə sıx əməkdaşlıq edirik və onlarla birgə müxtəlif layihələr həyata keçiririk. Bu əməkdaşlıq nəticəsində "Azəri-Çıraq-Günəşli", "Şahdəniz" kimi zəngin neft-qaz yataqlarının işlənilməsinə başlanılıb. Azərbaycan Avropanın enerji sabitliyinə nail olunması üçün mühüm töhfələr verir. Qeyd etdiyim layihələr hazırda Avropa üçün ən mühüm və prioritet layihələrə çevrilib".

Avropa Komissiyasının vitse-prezidenti Maroş Şevçoviç isə bildirib ki, Azərbaycan qaz təchizatı baxımından Avropanın əsas tərəfdaşlarındadır: "Biz əminik ki, 2020-ci ildə Azərbaycan qazı Avropaya nəql ediləcək. Bu, bizim hədəflərimizə uyğundur".

Konfrans digər iştirakçıların çıxışları ilə davam edir.


Müəllif: Teleqraf.com
Загрузка...