13 Dekabr 2017 18:59
2 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya bazarında netfin qiymətinin artması Azərbaycan iqtisadiyyatı üçün çox önəmlidir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında iqtisadçı ekspert İlham Şaban "Azeri LT CIF" markalı neftin bir barelinin 67 dollara yaxınlaşmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, ölkəmizin ixracatında neft hələ də xüsusi çəkiyə malikdir: “Ona görə də Azərbaycan iqtisadiyyatının möhkəmlənməsində, qeyri-neft sektoruna dövlət vəsaitlərinin yönəldilməsində və hökumətin manevr imkanlarının artmasında neftin qiymətinin önəmli yeri var. Son 3 ilin müşahidələri göstərdi ki, neftin qiyməti aşağı səviyyədə olursa, hökümətin də əl-qolu bağlanır. Bu baxımdan iqtisadiyyatımız hələ neftdən asılıdır.

Azərbaycan gündə təqribən 633-640 min barel neft ixrac edir. Beləliklə, 1 dollar artım 640 min dollar əlavə vəsaitin ölkəyə daxil olması deməkdir. Düzdür, bunun hamısı mənfəət deyil, amma ümumilikdə neftdən gələn gəlirdir. Həmin rəqəmin təqribən 55 faizi, yəni 352 min dolları sırf mənfəət şəklində Neft Fonduna daxil olur. Yəni 1 dolların hər barelə görə artımı budur”.

İlham Şabanın sözlərinə görə, 2016-ci il illə müqayisədə neftin ümumi qiyməti təxminən 30 faizə yaxın artıb: “Azərbaycanın ümumi neftdən qazancı isə 28 faiz çoxalıb. Əgər biz 2016-cı ildən Neft Fonduna neft və qazın satışından daxil olmalara baxsaq, təqribən 5 milyard 189 milyon dollar mənfəət əldə etmişik. Cari il hələ başa çatmayıb, amma 10 ayın yekunlarına görə, Neft Fondu 5,2 milyard dollar mənfəət əldə edib.

Hesab etsək ki, ilin sonuna qədər neftin qiyməti bu həddə qalacaq, təqribən 500 milyon civarında vəsait qazanacağıq. Bu o deməkdir ki, ölkəyə 6,2 milyard dollar vəsait daxil olacaq.

Beləliklə, ötən illə müqayisədə 1 milyard əlavə mənfəət əldə etmiş oluruq.

Burada bir maraqlı məqam da var ki, bu mənfəət Neft Fondunun əsas donoru Azəri-Çıraq-Günəşli layihəsindən hasil edilən gəlirlərdir. Ancaq bu layihədə 2 milyon ton azalma olub. Bunu da nəzərə almaq lazımdır”.

Qeyd edək ki, bu günkü hərracdaAzərbaycanın "Azeri LT CIF" markalı neftin qiymətinin 66,58 dollar/barelə qalxıb.


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər