2018-ci ilin ilk günləri kreptovalyutalar üçün uğurlu olmadı.
Teleqraf.com xəbər verir ki, bu sözləri iqtisadçı Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, son bir ayda bitkoin 41 faiz, bu ilin son 10 günündə isə 34 faiz dəyər itirib:
“Cənubi Koreyanın bitkoinlərlə əməliyyatları qadağan etmək istəyi virtual valyutanın mövqeyini ciddi şəkildə silkələdi. Bitkoinlə yanaşı, digər əksər kreptovalyutaların da dəyərində azalmalar müşahidə edilməkdədir.
Bu ara beynəlxalq maliyyə qurumları ilə yanaşı, bir sıra Avropa Birliyi ölkələrindən də kreptovalyutalarla bağlı ehtiyatlı açıqlamalar gəldi.
Bitkoindəki köpüklər partlayırmı? Əslində, əksər beynəlxalq qurumlar bitkoinin qiymətinin 8 min dolları keçəcəyi halda köpüklərin yaranacağını proqnozlaşdırmışdılar. Aydındır ki, mərkəzi bankların xoşlamadığı virtual valyutaların qlobal bazarda özlərinə yer tapması asan deyil və bu, zaman tələb edəcək. Blokçeyn üzrə əməliyyatlar ənənəvi bankçılığa tələbi azaldır. Bu kontekstdə də hələlik əksər mərkəzi banklar və kommersiya bankları virtual valyutaları xoş qarşılamırlar”.
Ekspert güman edir ki, kreptovalyutaların gələcək taleyi birbaşa aparıcı dövlətlərin onlara münasibətindən asılı olacaq:
“Aparıcı ölkələr bitkoinlərin istifadə dairəsini məhdudlaşdırmaqda davam edəcəklərsə, yeni qiymət azalmaları qaçılmazdır. ABŞ bitkoinləri dəstəkləyərsə, kreptovalyutalar “ayaqda dura” bilərlər.
Bütün hallarda isə gələcək virtual valyutalarındır”.