19 Oktyabr 2018 01:57
860
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskva on beş milyon əhalisi olan iri meqapolisdir. Burada zövqlər də, tələbat da müxtəlifdir. Moskva sakinlərinin tələbatının ödənilməsi üçün Azərbaycanın kifayət qədər ərzaq məhsulları istehsal edilir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Moskvada “Azərbaycanın payız sovqatları” şəhərciyinin açılışında deyib.

Onun sözlərinə görə, moskvalılara böyük sevgi və ehtiram ruhunda təşkil olunan bu sərgi Moskva ilə Azərbaycan arasında iqtisadi münasibətlərin gələcək inkişafına güclü təkan verəcək: "Bu sərgi, həmçinin Azərbaycan təşkilatlarının Rusiya paytaxtı ilə sıx əməkdaşlığı üçün əlavə stimul olacaq".

Səfir Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (XTNS) Azərbaycan pavilyonunun bərpasına da toxunub: “Bu, Moskva meri Sergey Sobyaninin şəxsən irəli sürdüyü və hörmətli Prezidentimiz İlham Əliyevə təqdim etdiyi yaxşı təşəbbüs idi. Binanın bərpası məhz onların xeyir-duası ilə başlanıb. Hazırda bu işlər demək olar ki yekunlaşıb və binanın daxili tərtibatı aparılır. Biz meriya ilə pavilyonun açılışını gələn il, bahar ərəfəsində keçirməyi nəzərdə tuturuq. XTNS-ə gələnlərin sayı çoxdur və burada Azərbaycan pavilyonunun yenidən fəaliyyətə başlaması bizi çox sevindirəcək. Binanın istifadəyə verildiyi ötən əsrin 50-ci illərindəki görkəmi, o cümlədən bütün memarlıq üslubu və mozaikası qorunub saxlanılıb”, -deyə diplomat vurğulayıb.


Müəllif: Teleqraf.com